...Onunla hər şeydən danışmaq olar: dostluqdan, sənətdən, həyatın dolanbaclarından, dünyanın gərdişindən. Amma bir mövzu da - ondan ötrü ömrünün mənası, yaşam tərzidir, bu barədə danışanda çöhrəsi nurlanır, baxışları durulur, gözlərini fotoaparatın obyektivi kimi xəfifcə qırpmağa başlayır...
O, Azərbaycan fotoqrafiya sənətində özünəməxsus dəst-xətti ilə seçilən, həm klassik, həm də müasir təsviri yaradıcılığın çalarlarını ağ-qara fotoşəkillərdə uzlaşdırmağı bacaran sənətkardır. Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini, bu peşədə sözünü demiş Rauf Umudov. Bir göz qırpımı ömrü olan anı ustalıqla yaxalayan, əsərlərinə “Rauf Umud” imzasını qoyan sənətkar çalışdığı hər kollektivdə özü haqqında yalnız nikbin təəssürat, xoş xatirə buraxıb.
...Rauf Umud sınaqlar dövründən keçmiş sənətkardır. Ötən əsrin 80-90-cı illərinin populyar “Gənclik” jurnalının fotomüxbiri, 34 yaşlı Rauf 1990-cı ilin 20 yanvar gecəsi işğalçı Sovet ordusunun dinc əhaliyə divan tutmasını, eləcə də şəhidlərin dəfn mərasimindən ürəkparçalayan səhnələri təkcə fotoobyektivin deyil, həm də tarixin yaddaşına köçürüb. Bu, bir redaksiya tapşırığı deyil, böyük missiya idi. Sonrakı nəsil “qırmızı imperiya”nın Azərbaycanın paytaxtında törətdiyi vandalizmi həm də Rauf Umudun lentə aldığı müdhiş kadrlarla təsəvvüründə canlandırır.
Onun Şəhidlər xiyabanında 7 yaşlı qız uşağının 14 yaşlı İlqarın məzarı başında qəfildən hönkürüb ağlamasını əks etdirən “Fəryad” fotoetüdü Fransanın Nant şəhərində keçirilən müsabiqədə yüksək mükafata layiq görülüb.
Fotoqrafiya çevikliklə yanaşı, dözüm və təmkin də tələb edir. Özünün dediyinə görə, bəzən nadir təbiət hadisəsini “yaxalamaqdan” ötrü hansısa bölgədə günlərlə gözləməli olub. Amma sonda səbir təbiətin şıltaqlığına “qalib gəlib” və o, istədiyi anı lentə köçürüb.
Rauf Umudov həm də təcrübəli pedaqoq, sənətinin sirlərini gənclərə səxavətlə öyrədən ustaddır. 165 yaşına çatmış Azərbaycan fotoqrafiya sənətinin görkəmli nümayəndəsi, 70 yaşını qürurla qarşılayan peşəkar, ürəyi daim vətənpərvərlik duyğusu ilə döyünən dəyərli həmkarımız belə deyir: “Fotoqrafiya sənətinə yalnız kommersiya vasitəsi kimi yox, həm də dərin fəlsəfi məna daşıyan sənət sahəsi kimi yanaşmağa ehtiyac var”.
...Şəxsiyyət və sənətkar. Rauf Umudov bir çox hallarda üst-üstə düşməyən bu iki məfhumun vəhdət təşkil etdiyi nöqtədə dayanmağı bacaran peşəkardır. Bunu onunla 35 ilin tanışı, yaradıcılığının bütün mərhələlərini izləmiş şahid kimi əminliklə deyirik.
Əlində fotoaparat ömrünün 70-ci epizodu ilə üz-üzə duran Rauf Umudun anın peşəkarı kimi yaradıcılığı boyu obyektivinin gözünə tuş gələn bütün kadrları avtoportret janrına aid etmək olar. Həmin ağ-qara portret-tablodan seyrçilərlə nadir anları fotoya çevirmək şövqü ilə alışıb-yanan 70 yaşlı sənətkarın xeyirxah və müdrik baxışları danışır...
İmran Bədirxanlı