Medianews.az
Azərbaycan ssenaristləri sistemi dəyişmək istəyir - “Pulu verən mənəm, belə istəyirəm” yanaşması kinoya ziyan vurur -
428 baxış

Azərbaycan ssenaristləri sistemi dəyişmək istəyir - “Pulu verən mənəm, belə istəyirəm” yanaşması kinoya ziyan vurur - MÜSAHİBƏ

Medianews.az saytının müsahibi Azərbaycan Ssenaristlər Gildiyasının sədri Nicat Dadaşovdur.

- Ssenaristlər Gildiyası ötən ayın sonlarında Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə təsis olunub. Ssenaristləri bir araya gətirmək, peşəkar əməkdaşlığı gücləndirmək, ssenari sənətinin inkişafına töhfə vermək - təsis toplantısında bunları əsas məqsədlər elan etmisiniz. Yeni Gildiya ölkəmizdə bu sahədə ilk qurumdurmu? Ssenaristlərin cəmləndiyi başqa qurumlar da varmı?

- Azərbaycan Ssenaristlər Gildiyası bu sahədə ilk rəsmi peşəkar qurumdur. Ssenaristlər bir qayda olaraq həmişə ya fərdi şəkildə, ya da ayrı-ayrı layihələr çərçivəsində fəaliyyət göstəriblər. Kinematoqrafiya birlikləri olsa da, sırf ssenaristlərin hüquqlarını, peşə standartlarını və inkişafını hədəfləyən ixtisaslaşmış gildiya ilk dəfədir yaradılıb.

- Azərbaycanda təxminən neçə ssenaristin olduğu bəllidirmi?

- Hazırda ölkədə fəal və ya potensial fəaliyyət göstərən ssenaristlərin dəqiq sayı haqda rəsmi statistika yoxdur. Amma biz Gildiya olaraq Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birlikdə bu sahədə ilk addımlardan biri kimi “Azərbaycan ssenaristləri” adlı bələdçi kitab hazırlayırıq. Bu kitabda təxminən 300-ə yaxın fəaliyyət göstərən və ya potensialı olan ssenarist haqqında məlumat yer alacaq. Bu, həm də gələcəkdə sahənin inkişafını izləmək üçün baza yaradacaq.

- Mədəniyyət və İncəsənət Universitetində ssenarist ixtisasına yiyələnməyin mümkün olduğundan xəbərdarıq. Ölkəmizdə ssenarist peşəsində yiyələnmək istəyənin üz tuta biləcəyi başqa ünvan da varmı? Gənc ssenaristlərin yetişməsi və inkişafı üçün əlavə imkanlar yaradılmalıdırmı?

- Mədəniyyət və İncəsənət Universiteti əsas təhsil müəssisəsidir. Bundan əlavə, ölkədə müstəqil kino məktəbləri və kurslar da fəaliyyət göstərir. Lakin gənclərə tövsiyəm odur ki, hər hansı məktəbə və ya kursa müraciət etməzdən əvvəl onun rəhbərliyini, tədris proqramını və məzunlarının uğurlarını yaxşı araşdırsınlar. Sosial şəbəkələrdəki rəngarəng reklamlar bəzən reallıqdan fərqli təəssürat yaradır.

İnkişaf məsələsinə gəldikdə, əlbəttə ki, əlavə imkanlara böyük ehtiyac var. Gildiya olaraq biz bunu prioritet istiqamətlərimizdən biri etmişik. Bizim fəaliyyət planımızda ssenaristin inkişafı üçün lazım olacaq bütün instrumentlər yer alıb. Ustad dərsləri, ssenari laboratoriyaları, yaradıcılıq rezidensiyaları, beynəlxalq mentorlarla görüş, müsabiqələr, mükafatlar və sair. Əsas məqsədimiz gənclərin sahəyə inteqrasiyasına, yəni sadə dildə desək, sahədə öz yerini tapa bilməsinə dəstək olmaqdır.

- Yeni filmlərimizin, xüsusilə serialların ssenarilərindən narazı qalanlar az deyil. Sizcə, filmlərin, serialların uğursuz alınmasında ssenaristlərin günahı nə qədərdir?

- Uğursuzluqda ssenaristin payı olur, amma bu pay çox vaxt şişirdilir. Kino kollektiv sənətdir. Ssenari yaxşı yazılsa belə, inkişaf mərhələsində kifayət qədər vaxt və peşəkar müzakirə olmazsa, rejissorun baxışı ilə düzgün birləşməzsə və ya prodüser mərhələsində ciddi dəyişikliklərə məruz qalarsa, nəticə zəif alına bilər.

Problemin böyük hissəsi sistem xarakterlidir: ssenarinin inkişafına ayrılan vaxtın azlığı, ssenaristlərlə uzunmüddətli əməkdaşlıq mexanizmlərinin zəifliyi, bərbad vəziyyətdə olan müqavilələr və komanda işinin düzgün qurulmaması. Ssenarist də tənqidə açıq olmalıdır, amma uğursuzluğu yalnız ona yükləmək ədalətsizlikdir.

- Bəs, Azərbaycanda film istehsalçıları və televiziya kanalları yaxşı ssenariyə qiymət verməyi, keyfiyyətli ssenarini zəif ssenaridən seçməyi bacarırmı?

- Bu sahədə müəyyən irəliləyiş var, amma hələ də yetərli deyil. Əksər halda televiziya kanalları ssenari seçimi məsələsini sadəcə sinopsis səviyyəsində həll edir və ya bu işi sifariş verdikləri istehsalçı şirkətlərin üzərinə buraxır. Nəticədə hər şey əsasən həmin şirkətlərin zövqü və təcrübəsinə qalır.

Bəzi kanalların seçim komissiyalarında müəyyən meyarlar olsa da, ümumilikdə keyfiyyətli ssenarinin inkişafına ayrılan vaxt və maliyyə resursları çox məhduddur. Əsas problem odur ki, “pulu verən mənəm, belə istəyirəm” münasibəti hələ də geniş yayılıb. Halbuki vəsait xərcləyən tərəf peşəkar heyətə inanmalı, ssenari ilə bağlı fikirlərini müzakirə formatında bildirməlidir, diktə şəklində yox. Bu mexanizmi dəyişdirmək üçün hələ çox iş görülməlidir.

- Azərbaycanda ssenaristlərin əsas problemləri hansıdır: yaradıcılıq qabiliyyətinin, istedadın, savadın zəif olması (fərdi keyfiyyətlər), yoxsa kənar amillər – texniki, maddi dəstəyin zəifliyi?

- Hər ikisi var, amma əsas problem kənar amillərdədir. İstedadı, potensialı olan müəlliflər kifayət qədərdir. Lakin peşəkar inkişaf üçün sistemli dəstək, maliyyə mexanizmləri, ssenari inkişaf fondları, laboratoriyalar və stabil gəlir imkanı zəifdir.

Bir çox ssenarist əsas işini başqa sahədə saxlayıb, yaradıcılığa az vaxt ayıra bilir. Bu da keyfiyyətə və peşəkarlığın artmasına mane olur. Gildiya məhz bu sistem problemlərini hədəfləyir.

- Azərbaycan ssenaristlərinin beynəlxalq layihələrə qoşulmaq imkanları nə dərəcədədir?

- Hazırda beynəlxalq layihələrə qoşulma imkanları məhduddur və çox vaxt rejissor və ya prodüser vasitəsilə baş verir. Ssenaristin özü birbaşa beynəlxalq arenaya çıxmaqda çətinlik çəkir.

Dünyada çox uğurlu modellərdən biri də ssenaristlər üçün rezidensiya proqramlarıdır. Rezidensiya ssenaristin 1-3 ay ərzində sakit və yaradıcı mühitdə yalnız yazı ilə məşğul ola biləcəyi, eyni zamanda əcnəbi ekspertlərlə görüşüb təcrübə mübadiləsi edəcəyi proqramlardır.

Biz Gildiya olaraq bu təcrübəni Azərbaycana gətirmək, yerli ssenaristləri xaricdəki həmkarları ilə birbaşa əlaqələndirmək və ölkəmizin reallığına uyğunlaşdırmaq niyyətindəyik. Təbii ki, məqsəd beynəlxalq təcrübəni ölkə kinematoqrafiyasına inteqrasiya etməkdir.

Gildiyanın təqdimat mərasimində dediyim fikri bir daha təkrarlamaq istəyirəm. İnkişaf ilk növbədə bir-birimizə dəstək verməklə başlayacaq. Ona görə də mən bütün ssenaristləri, əsasən də gənc olanları Gildiyanın ətrafında toplaşmağa dəvət edirəm. Bizə dəstək olmaqla özünüzə də yol açırsınız. Çünki biz sizlər üçün çox maraqlı proqramlar hazırlayırıq. Gəlin Azərbaycan kinosunu birlikdə inkişaf etdirək.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.

Bizə qoşulun