Bukmeker kontorlarında pul qoyuluşu statistikasına əsaslanan Eurovisionworld.com saytı “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsindəki Azərbaycan təmsilçisi Cəmilə Həşimovanın qələbə şansını 1 faizdən də az qiymətləndirir.
Medianews.az bildirir ki, Almaniya, Serbiya, Albaniya, İsveçrə, San Marino, Belçika, Gürcüstan, Polşa, Portuqaliya, Avstriya, Monteneqro və Estoniya da eyni durumdadır.
Proqnozlarda Finlandiya 30 faiz qələbə şansı ilə öndədir. Bu ölkə yarışa Linda Lampenius və Pete Parkonnen duetini çıxarır. Skripkaçı Linda Lampenius 1970-ci il, müğənni Pete Parkonnen 1990-cı il təvəllüdlüdür.
Fransa qələbəyə 11, Danimarka 10, Avstraliya və Yunanıstan 8, İsrail 5, İsveç və Rumıniya 4, Ukrayna və İtaliya 3, Kipr və Çexiya 2 faiz imkanla göstərilir.
Bolqarıstan, Malta, Lüksemburq, Moldova, Xorvatiya, Böyük Britaniya, Litva, Norveç, Latviya və Ermənistanın zəfər şansı 1 faiz sayılır.
Avstriyanın paytaxtı Vyananın ev sahibi olacağı yarışa 35 ölkə qatılır. Birinci yarımfinalda (12 may) Moldova, İsveç, Xorvatiya, Yunanıstan, Portuqaliya, Gürcüstan, Finlandiya, Monteneqro, Estoniya, İsrail, Belçika, Litva, San Marino, Polşa, Serbiya, ikinci yarımfinalda (14 may) Bolqarıstan, Azərbaycan, Rumıniya, Lüksemburq, Çexiya, Ermənistan, İsveçrə, Kipr, Latviya, Danimarka, Avstraliya, Ukrayna, Albaniya, Malta, Norveç yarışacaq.
Hər yarımfinaldan finala 10 vəsiqə var. Almaniya, Avstriya, Böyük Britaniya, Fransa və İtaliya müsabiqəyə finalda (16 may) qoşulacaq.
Azərbaycan 17 “Avroviziya”da iştirak edib. 2008-ci ildə Elnur Hüseynov və Samir Cavadzadə 8-ci yeri, 2009-cu ildə Aysel Teymurzadə və Araş 3-cü yeri, 2010-cu ildə Səfurə Əlizadə 5-ci yeri, 2011-ci ildə Nigar Camal və Eldar Qasımov 1-ci yeri, 2012-ci ildə Səbinə Babayeva 4-cü yeri, 2013-cü ildə Fərid Məmmədov 2-ci yeri, 2014-cü ildə Dilarə Kazımova 22-ci yeri, 2015-ci ildə Elnur Hüseynov 12-ci yeri, 2016-cı ildə Səmra Rəhimli 17-ci yeri, 2017-ci ildə Diana Hacıyeva 14-cü yeri, 2019-cu ildə Çingiz Mustafayev 8-ci yeri, 2021-ci ildə Samirə Əfəndi 20-ci yeri, 2022-ci ildə Nadir Rüstəmli 16-cı yeri tutub.
2018-ci ildə Aysel Məmmədova, 2023-cü ildə Tural və Turan Bağmanovlar, 2024-cü ildə Fəxri İsmayılov və İlkin Dövlətov, 2025-ci ildə “Mamaqama” qrupu yarımfinalı keçə bilməyib.
İctimai teleradiolar qurumu - Avropa Yayım Birliyinin layihəsi olan “Avroviziya” müsabiqəsində 1956-cı ildən başlayaraq İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, İsveçrə, Danimarka, İtaliya, Avstriya, Norveç və Ukrayna 3, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib gəlib.
Toğrul Əli,
Medianews.az