Medianews.az
"Dil tədrisi standart proqram deyil, fərdiləşdirməyə əsaslanmalıdır "-
113 baxış

"Dil tədrisi standart proqram deyil, fərdiləşdirməyə əsaslanmalıdır "- Təhsildə YENİ MODEL

Təhsil sadəcə dərs planlarının ardıcıl şəkildə tamamlanması deyil – o, düşüncənin formalaşdığı, fərdin özünü tapdığı və dünyanı anlamağa başladığı bir prosesdir. Müasir dövrdə isə bu proses köhnə çərçivələrdən çıxaraq daha çevik, daha fərdi və daha dərin yanaşmalar tələb edir. Artıq əsas məsələ “nə qədər öyrədildi?” sualı deyil, “nə qədər mənimsənildi?” sualına cavab tapmaqdır. Xüsusilə beynəlxalq təcrübə göstərir ki, təhsildə uğurun açarı standart proqramlardan çox, tələbənin fərdi xüsusiyyətlərinə uyğunlaşdırılmış metodlardan keçir. Bu yanaşma yalnız bilik ötürməyi deyil, eyni zamanda düşünməyi, analiz etməyi və tətbiq etməyi də öyrədir.

Medianews.az məhz bu mövzu ilə bağlı linqvistika mütəxəssisi Gülər Əliyeva öz beynəlxalq təcrübəsini Alyans.media-ya danışıb. O bildirib ki, dəyişdirilməli olan əsas məqamlardan biri tədrisə yanaşmadır: ‘’İngiltərədə işlədiyim dövrdə öyrəndiyim əsas prinsip dərs proqramını bitirmək deyil, hər bir tələbənin mövzunu keyfiyyətli şəkildə anlamasını təmin etmək olub. Həmin təcrübədə siniflərdə tələbə sayı 20-dən çox olmur və əsas diqqət hər bir tələbənin mövzunu real şəkildə mənimsəməsinə yönəldilir. Bu səbəbdən proqram ikinci planda qalır. Yerli təhsil sistemində isə çox vaxt proqramın tamamlanmasına üstünlük verilir. Dərs saatlarının məhdudluğu müəllimlərin mövzudan kənara çıxmasına imkan vermir. İngiltərədə tətbiq edilən çevik yanaşma belə idi ki, bəzi mövzular qısa müddətdə izah olunsa da, çətin mövzulara daha çox vaxt ayrılır və bu, tamamilə tələbələrin qavrama səviyyəsinə uyğun tənzimlənir. Əsas məqsəd hər bir tələbənin marağını oyatmaq və dərsi fərdi yanaşma ilə təqdim etməkdir. Standart yanaşma əvəzinə fərdiləşdirilmiş metodlar real nəticə əldə etməyə imkan yaradır’’.

Gülər Əliyeva həmçinin bu problemi həll etmək üçün konkret model üzərində çalışdığını da qeyd edib: Hazırladığım interaktiv tədris proqramı Cambridge standartlarına uyğun qurulub və hər üç aydan bir yenilənir. Proqram yalnız dil öyrətməklə məhdudlaşmır, eyni zamanda süni intellekt, rəqəmsal inkişaf, sosial və qlobal mövzular kimi müasir sahələri də əhatə edir. Bununla yanaşı, proqramda ingilis dili ilə paralel olaraq müxtəlif mədəniyyətlərə dair biliklər də təqdim olunur. Tədris prosesi kompleks şəkildə qurulub – dinləmə, danışıq, yazı və qrammatika bacarıqları paralel inkişaf etdirilir. Xüsusilə danışıq bacarığı üçün aktual və maraqlı mövzulara üstünlük verilir ki, tələbələr dili real həyatda tətbiq edə bilsinlər. Fərdiləşdirilmiş və çevik tədris yanaşması Azərbaycan təhsil bazarında mövcud problemlərin həlli üçün effektiv model kimi çıxış edə bilər. Təqdim etdiyim “customized” sistem isə həm beynəlxalq təcrübəni, həm də yerli ehtiyacları birləşdirərək daha nəticəyönümlü təhsil mühiti formalaşdırmağa imkan yaradır’’.

Bizə qoşulun