Medianews.az
The glass spilled onto my son,
141 views

The glass spilled onto my son, They demanded money from us.

“Buzovnada yerləşən sanatoriya mərkəzində qapının şüşəsi qırılaraq 7 yaşlı oğlumun üzərinə töküldü. Mərkəzdən mənə zəng edərək şüşənin pulunu ödəməyimi tələb etdilər”.

Bu şikayətlə mediaya Camal Əkbərov müraciət edib.

Vətəndaşın sözlərinə görə, hadisə böyük oğlunun 5-ci sinfi başa vurması münasibətilə Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində təşkil olunan tədbir zamanı baş verib: “Balaca oğlum ayaqyoluna getmək istəyib. Yerini soruşanda bağban içəridə olduğunu göstərib. Uşaq qapıya yaxınlaşarkən bağlanıb, o isə qapanmaması üçün əlləri ilə saxlamaq istəyib. Bu zaman qapının lay şüşəsi çatlayaraq xıncım-xıncım olub və onun üzərinə tökülüb”.

C.Əkbərov iddia edib ki, hadisədən sonra sanatoriya rəhbərliyi tərəfindən onunla əlaqə saxlanılaraq qırılan şüşənin pulunun ödənilməsi tələb olunub: “Mən isə bu tələblə razılaşmadım. Əgər həqiqətən uşağın günahı olsaydı, ziyanı ödəməyə hazır idim. Amma uşaq şüşəyə nə daş atıb, nə də top vurub. Sadəcə bağlanmaq üzrə olan qapını əli ilə saxlamaq istəyib və şüşə çatlayıb. Düşünürəm ki, şüşədə əvvəlcədən hər hansı çat və ya qüsur olub, çünki 7 yaşlı uşaq əli ilə belə bir şüşəni necə qıra bilər? Hətta çatlayan şüşə oğlumun əlini kəsmişdi. Ciddi nə isə olmadığı üçün ekspertizaya aparmadıq. Bəs şüşə oğlumun damarını kəssəydi, necə olacaqdı?”

O, tələblə başda razılaşmasa da, sonda tələb olunan məbləği ödədiyini deyib: “Məni ora çağırdılar. Mərkəzin baş direktoru Mürsəl Mürsəlov hadisəyə görə mərkəzə 80 AZN zərər dəydiyini, məndən isə bunun yarı faizini (40 AZN) ödəməyimi tələb etdi. Nəticədə, həmin məbləği ödəməli oldum”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi: “23.06.2026-cı il tarixində saat 20:00 radələrində müəssisəmizdə baş vermiş hadisə ilə bağlı bildiririk ki, video-müşahidə kameralarının görüntülərinə əsasən, azyaşlı uşaq valideyninin nəzarətindən kənarda müəssisənin daxilində yerləşən sanitar qovşağa yaxınlaşaraq giriş qapısının şüşə hissəsini itələməklə qapını açmağa cəhd edib. Bu zaman qapının paket şüşəsinin (ikiqat şüşənin) bir qatında çat əmələ gəlib və həmin hissə sınıb.

Hadisədən dərhal sonra müəssisənin əməkdaşları tərəfindən uşağa diqqət göstərilib, vəziyyəti nəzarətə götürülüb və pediatr həkim tərəfindən müayinə aparılıb. Müayinə nəticəsində uşağın sağlamlıq vəziyyətində hər hansı xəsarət və ya problem müəyyən edilməyib.

Növbəti gün valideyn müəssisəyə dəvət olunub, onunla görüş keçirilib və video-müşahidə görüntüləri əsasında hadisənin başvermə şəraiti ətraflı izah edilib. Görüş zamanı hadisənin başvermə səbəbləri qarşılıqlı şəkildə müzakirə olunub.

Qapının zədələnməsi ilə bağlı dəymiş maddi zərər hesablanarkən müəssisə tərəfindən yalnız təmir xərclərinin bir hissəsinin qarşılanması təklif olunub. Bu məsələ tərəflər arasında qarşılıqlı razılıq əsasında həll edilib və bununla bağlı hər hansı əlavə tələb irəli sürülməyib.

Bir daha qeyd edirik ki, hadisə nəticəsində azyaşlının sağlamlığına hər hansı zərər dəyməyib və müəssisə tərəfindən hadisəyə operativ reaksiya verilərək bütün zəruri tədbirlər həyata keçirilib”.//qafqazinfo

Hadisə anının görüntülərini təqdim edirik:

Join Us