Medianews.az
Ərdoğanın səfərləri təşviş yaratdı:
70 baxış

Ərdoğanın səfərləri təşviş yaratdı: Ankara bu ölkəni təcrid edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına və Misirə diplomatik səfərləri İsrail mətbuatı tərəfindən diqqətlə izlənilir.

Publika.az xəbər verir ki, “Yedioth Ahronoth” qəzeti İsrail və Səudiyyə Ərəbistanı arasında normallaşma ideyasının azaldığı və Misirlə münasibətlərin soyuduğu bir mühitdə Türkiyənin əməkdaşlıq müqavilələrinin Tel-Əvivə xəbərdarlıq olduğunu yazıb.

İsrailli ekspert Qaliya Lindenstrausa görə, Türkiyə son illərdə regiondakı müxtəlif ölkələrlə münasibətlərini yaxşılaşdırmaq üçün çalışıb.

“Misir bəlkə də münasibətləri düzəltmək üçün ən çətin ölkələrdən biridir, lakin Ankara qeyri-mümkünə nail olub. İki ölkə arasındakı münasibətlər bu gün daha sabitdir. Onlar Qəzza ilə bağlı da əməkdaşlıqlarını davam etdirəcəklərini açıqlayıblar”, - o qeyd edib.

Ekspert Türkiyənin xüsusilə pilotsuz uçuş aparatları (PUA) sahəsində mühüm silah ixracatçısına çevrildiyini bildirib: “Səudiyyə Ərəbistanı təkcə PUA almaqla kifayətlənmir, həm də təhlükəsizlik məsələlərində, xüsusən də PUA istehsalında Türkiyə ilə əməkdaşlıq edir. Bu, ABŞ-dan asılı olmaq istəməyən regional ölkələrin gündəliyi ilə uyğun gəlir".

Lindenstraus Türkiyənin regiondakı münasibətlərini gücləndirməsinin Təl-Əvivdə narahatlıq doğurduğunu yazıb: “Türkiyə əlaqələrini gücləndirdikcə İsrailin regiondakı təcridi artır. Başqa sözlə, diplomatik arenada tək qalır. Səudiyyə Ərəbistanı ilə normallaşmaqdan uzaqlaşmışıq. Ər-Riyad da planına Ankaranı daxil edib. Türkiyənin əməkdaşlığı Təl-Əvivi əhatə edib və Ankara təslim olmamaqda qərarlıdır”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan fevralın 3-ü Səudiyyə Ərəbistanına, fevralın 4-ü isə Misirə rəsmi səfər edib. O, səfərləri çərçivəsində hər iki ölkənin liderləri ilə əməkdaşlığın dərinləşdirilməsi, eləcə də regional və qlobal hadisələrlə bağlı müzakirələr aparıb.

Bizə qoşulun