Medianews.az
Medvedevin həyəcan təbili
103 baxış

Medvedevin həyəcan təbili

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev həyəcan təbili çalıb. Məsələ burasındadır ki, ABŞ-la Rusiya arasında imzalanmış Strateji Silahların Azaldılması Müqaviləsinin müddəti fevralın 5-də başa çatır. Bu sazişin müddəti uzadılmayıb. Vaşinqton Moskvanın müqaviləni daha bir il uzatmaq təklifinə razılıq verməyib. Bunun səbəbi Çindir.

“Soyuq müharibə” illərində nüvə qarşıdurması ABŞ-la keçmiş SSRİ arasında idi. Bu iki dövlət müxtəlif illərdə nüvə silahlarının azaldılmasıyla bağlı müqavilələr imzalamışdılar. SSRİ-nin varisi olan Rusiya ABŞ-la yeni müqavilə imzaladı. Ancaq bu illərdə Çin nüvə arsenalını xeyli artırıb. Buna görə də Vaşinqton hesab edir ki, Çin də nüvə silahlarının azaldılması müqaviləsinə qoşulmalıdır. Vaşinqton Pekinin imzası olmadan Moskva ilə nüvə silahlarının azaldılması müqaviləsini əhəmiyyətsiz hesab edir. Çünki, hazırda ABŞ özünə Rusiyanı deyil, Çini rəqib kimi görür.

Yeni müqaviləsiz qalan Kreml Vaşinqtona xəbərdarlıq mesajı göndərib. Dmitri Medvedev müqavilə imzalanmasa, Rusiyanın nüvə arsenalını artıra biləcəyinə işarə edib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, yeni nüvə sazişinin imzalanmaması Vaşinqtonu narahat etmir, əksinə ABŞ müxtəlif qitələrdə hərbi gücünü artırmağa üstünlük verir.

ABŞ-la Rusiya arasında nüvə sazişi sonuncu dəfə 2010-cu ildə imzalanıb. Sənədə hər iki ölkənin o zamankı Prezidentləri Barak Obama və Dmitri Medvedev imza atmışdılar. Müqavilənin müddəti 10 il olsa da, sənədin müddəti daha sonra 5 il uzadılmışdı. Donald Tramp Prezident seçilən kimi həmin sazişi uzatmaqdan imtina etdi. Tramp buna səbəb kimi Çinin nüvə anlaşmalarından kənarda qaldığını göstərirdi. Həqiqətən ABŞ və Rusiya sazişə görə nüvə arsenallarını azaldarkən, anlaşmada imzası olmayan Çin rahat şəkildə nüvə arsenalını artırmaq imkanına malikdir. Vaşinqtonu narahat edən odur ki, Moskva tərəfdaşı olan Pekini anlaşmağa qoşulmaya dəvət etmir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Pekin nüvə danışıqlarında iştirak etmək istəmir. Peskovun sözlərinə görə, Çinin nüvə arsenalı Rusiya və ABŞ-ın nüvə arsenalından azdır. Halbuki, Çin ildən-ilə nüvə arsenalını gücləndirir.

Dmitri Medvedevin özü nüvə anlaşmasının imzalanması zərurətindən danışsa da, özü bir müddət əvvəl Qərb ölkələrini nüvə müharibəsiylə hədələyirdi. Onun “nüvə silahına malik ölkəyə rəhbərlik edən heç bir siyasətçi onun tətbiqi ehtimalını tam istisna edə bilməz” açıqlaması da buna sübutdur. Medvedev onu da xatırladıb ki, prezidentliyi dövründə ali baş komandan kimi bütün nəzərdə tutulan təlimlərdə, o cümlədən nüvə arsenalı ilə bağlı məşqlərdə iştirak edib. Medvedev Vaşinqtonun əsl hədəfinin Rusiya deyil, Çin olduğunu anlayır. Medvedev 4 il əvvəlki açıqlamasında söyləmişdi ki, ABŞ Rusiya ilə məsələni bitirməyə çalışdıqdan sonra Çini hədəf seçəcək və bu, onun sözlərinə görə, ağır böhrana və nüvə partlayışına səbəb olacaq.

“ABŞ-ın növbəti məqsədi Çinin tamamilə zəiflədilməsi olacaq” deyən Medvedev haqlıdır. ABŞ Prezidenti Donald Tramp Panama kanalını Çin şirkətlərinin nəzarətindən çıxartdı, Venesuela artıq Çinə ucuz neft sata bilmir, İran da ram edilsə, Pekin daha bir enerji tərəfdaşını itirəcək. Vaşinqtonun strategiyası Çinin siyasi və iqtisadi gücünün dünyaya yayılmasının qarşısını almağa yönəlib. Pekin bundan xəbərdardır və Vaşinqtonun planlarına qarşı mümkün qədər müqavimət göstərməyə çalışır.

Elxan Şahinoğlu,
politoloq

Bizə qoşulun