Medianews.az
“Epşteyn faylları” Trampın sayəsində açıqlanıbmı?
62 baxış

“Epşteyn faylları” Trampın sayəsində açıqlanıbmı?

“Epşteyn faylları”nın Trampın mübarizəsi və ciddi səyləri nəticəsində açıqlandığı barədə deyilənlər tamamilə yanlışdır.

Bunu söyləyənlər, görünür, ABŞ-ın daxili siyasətini izləmirlər.

Bəli, sırf texniki baxımdan Tramp tərəfindən açıqlandığını söyləmək olar, çünki materialları onun hökuməti (Ədliyyə Nazirliyi) dərc edir. Lakin bu, Trampın təşəbbüsü ilə yox, qanunun tələbi əsasında baş verir.

Konqres ötən ilin noyabrında ikipartiyalı konsensusla “Epşteyn fayllarının şəffaflığı haqqında Akt” (Epstein Files Transparency Act) qəbul edib və bu qanuna görə, hökumət heç bir senzuraya məruz qoymadan bütün materialları tam şəkildə ictimaiyyətə açıqlamalıdır.

Tramp seçkiqabağı kampaniyada söylədiklərinin əksinə olaraq, vəzifəsinin icrasına başladıqdan sonra bu məsələyə xüsusi maraq göstərmirdi. Məhz bu səbəbdən onunla MAGA‐nın məşhur simalarından olan Konqres üzvü Merkori Teylor Qriin (Marjorie Taylor Greene) arasında ciddi konflikt yarandı. Çünki M.T.Qriin “Epşteyn faylları”nın məcburi şəkildə açıqlanması barədə demokratların hazırladığı petisiyaya imza atmışdı. Tramp bu səbəbdən xanım Qriini xain adlandırdı və onun adını Teylor (Taylor) deyil, Traitor (xain) kimi yazmağa başladı. Keçmiş müttəfiqlər arasında münaqişə o qədər böyüdü ki, M.T.Qriin Konqres üzvlüyündən istefa verdi. (Yeri gəlmişkən, bu qadın Ukraynanın qəti əleyhdarıdır).

Epşteyn məsələsində demokratlarla birlikdə hərəkət edən digər respublikaçı Konqres üzvü ‐ Tomas Massi (Thomas Massie) də Trampın hədəfindədir. T.Massi demokrat Ro Xanna (Ro Khanna) ilə birlikdə “Epşteyn fayllarının şəffaflığı haqqında Akt”ın həmmüəllifidir. T.Massi açıqlanan materialların redaktəyə məruz qaldığını deyərək tam şəffaflıq tələb edir. O, İrana qarşı hərbi əməliyyata da qarşı çıxır. Tramp Tom Massini bir növ anafemaya məruz qoyaraq onun MAGA‐ya heç bir aidiyyəti olmadığını bəyan edib. O, eyni zamanda iddia edib ki, arvadı “radikal solçu” olduğu üçün Massi bu cür davranır.

Epşteyn qalmaqalının sırf liberal elitaları ifşa etdiyinə dair fikirlər də həqiqəti əks etdirmir. “Epşteyn adası”nın qonaqları, eləcə də onunla əlaqə saxlayan şəxslər arasında sabiq prezident Bill Klinton və digər demokratlar olub. Lakin məsələn, Donald Tramp haqqında 5300‐dən çox fayl var. Bu fayllarda Trampla əlaqəli (o cümlədən onun həyat yoldaşı və malikanəsi haqqında) 38 mindən çox qeyd mövcuddur. Trampın azyaşlı qız uşağı ilə əlaqəsinə dair də iddialar var. Bundan başqa, fayllarda hazırkı ticarət naziri Hovard Lutnik, respubikaçıların əsas sponsorlarından olan məşhur iş adamı Piter Til və digər mühafizəkarların da adları hallanır. Əlbəttə ki, bütün bunlar iddialardır, hansısa cinayət əməlini sübut edən faktlar yox.

Şahin Cəfərli,
politoloq

Bizə qoşulun