Medianews.az
Quran oxumaq ibadətdirsə, niyə qiymət qoyulur? –
1,191 baxış

Quran oxumaq ibadətdirsə, niyə qiymət qoyulur? – İlahiyyatçıdan AÇIQLAMA

Geniş yayılmış adətlərimizdən biri insan vəfat etdikdən sonra onun ruhu üçün Quran oxudulmasıdır. Mollalar bu məqsədlə Quran xətm etdiklərini bildirir və bunun qarşılığında 100-250 manat arasında ödəniş tələb olunur. Maddi imkanları məhdud olan bəzi insanlar belə, bunu özlərinə mənəvi məsuliyyət və borc hesab edərək bu xərci çəkməyə çalışırlar. Bu cür hallarda Quran xətmi üçün ödəniş tələb olunması nə dərəcədə doğru və əsaslıdır?

İlahiyyatçı Rüfət Qarayev Medianews.az-a açıqlamasında deyib ki, Qurani-Kərim əslində ölülərdən çox dirilər üçün göndərilən ilahi kitabdır.

Onun sözlərinə görə, diri olub Allahın varlığına, axirət gününə və Allahın rəsuluna inanmayan insanlar Qurani-Kərimin prinsiplərinə əsasən ölü hesab olunurlar:

“Ölüm əslində yox olmaq deyil. Dahi Nizami Gəncəvinin fikrincə, ölüm bir yerdən başqa bir yerə keçiddir. Biz ona ölmək deyirik. Amma əslində insan ölmür, ruhu bədəndən çıxır və cismi isə torpağın bağrına əmanət olaraq tapşırılır”.

İlahiyyatçı bildirib ki, adətən insanlar bir-birinə dua edir və bu dualar zahirən görünməsə də, mənəvi baxımdan insan həyatına müsbət və ya mənfi təsir göstərə bilir:

“Qurani-Kərimdə də duanın insan üçün böyük əhəmiyyət daşıdığı vurğulanır. Bu baxımdan ölülər üçün oxunan Quran da dua mahiyyəti daşıyır. Oxunan Quranın savabını həmin ölünün ruhuna hədiyyə etmiş oluruq. Bu savab maddi baxımdan görünməsə də, ruhun rahatlaşmasına, əzabının yüngülləşməsinə və daha böyük savablar qazanmasına vəsilə ola bilər. Peyğəmbərimizin (s) tövsiyəsinə əsasən ölülər üçün Quran oxumaq savab əməldir və xüsusilə “Yasin” surəsinin oxunması tövsiyə olunur”.

R.Qarayev qeyd edib ki, hər bir müsəlman Qurani-Kərimi oxumağı bacarmalı və oxuduğu Quranın savabını dünyasını dəyişmiş yaxınlarının ruhuna hədiyyə etməlidir:

“Əfsuslar olsun ki, bir çox insanlar Qurani-Kərimi oxumağı bacarmadıqları üçün başqasına oxutdurmağa məcbur qalırlar. Qurana xüsusi qiymət qoymaq dinimizdə doğru deyil. “Quranı xətm etmək” sıradan bir iş deyil. Yəni, 600 səhifə 300 vərəq edir. Mən bu işlə məşğul deyiləm, bunun müqabilində də heç kəsdən heç bir vaxt məvacib istəməmişəm. Ona görə bu məsələyə rahatlıqla aydınlıq gətirə bilərəm ki, Qurana xüsusi bir qiymət qoymaq doğru deyil. Amma belə olduğu halda da bəzən insanlar bir “Yasin” surəsi oxutdurmaqla da kifayətlənə bilər. Peyğəmbərimiz (s) buyurub ki, bir “Fatihə” və üç “İxlas” surəsi Quran xətminə bərabər savabdır. Buna baxmayaraq, bəzi insanlar Quranın mahiyyətini və məsuliyyətini dərk etmədən başqasına tam xətm etdirdikdən sonra çox cüzi məbləğlər verməklə kifayətlənirlər.

Bununla kifayətlənməyən bəzi insanlar bir axundun və ya mollanın yanına gedərək dünyasını dəyişmiş yaxınları üçün Qurani-Kərim xətmi etdirməyi xahiş edirlər. Qurani-Kərimin xətminin mahiyyətindən və məsuliyyətindən yetərincə xəbərdar olmadıqları üçün həmin şəxsə Quran oxutdururlar, sonda isə “Qurana qiymət yoxdur” deyərək 30-50 manat məbləğ verirlər.

Halbuki biz gündəlik dünyəvi işlərdə, hətta bəzən haram əməllərdə belə daha çox vəsait xərcləyir və günah qazanırıq. Əgər ölümüz üçün Quran oxutdururuqsa – bu vacib əməl deyil, savab niyyəti ilə edilən bir ibadətdir – o zaman Quran oxuyan şəxsin vaxtını, zəhmətini və göz nurunu nəzərə almaq lazımdır. Heç bir haqq tələb olunmasa belə, könüllərdən verilən, halallıq gətirən və qarşı tərəfin əməyinə uyğun bir məbləğ onların zəhmətinin yerini tutmuş olar”.

Oğuz Ayvaz

Medianews.az

Bizə qoşulun