Qaraciyər çatışmazlığı səbəbindən orqan nəqli əməliyyatı keçirən məşhur aktyor Ufuk Özkanın səhhəti ilə bağlı xəstəxanadan rəsmi açıqlama verilib.
Medianews.az xəbər verir ki, təxminən 10–11 saat davam edən uzun və texniki cəhətdən çətin əməliyyat heç bir ağırlaşma olmadan uğurla başa çatıb.
Əməliyyatdan sonra Özkan reanimasiya şöbəsinə yerləşdirilib və hazırda vəziyyətinin stabil olduğu bildirilir.
Əməliyyatı həyata keçirən həkimlərdən Prof. Dr. Murat Dayangaç bildirib ki, həm donor, həm də resipiyent üzərində aparılan cərrahi müdaxilələr uğurla icra olunub:
“Təxminən 10–11 saat davam edən texniki baxımdan mürəkkəb bir əməliyyat idi. Xəstəmizin əvvəlki cərrahi müdaxilələri prosesi daha da çətinləşdirirdi. Buna baxmayaraq, bütün komanda olaraq əməliyyatı problemsiz başa vurduq və nəticədən məmnunuq”.
Müalicə prosesi ilə bağlı açıqlama verən Dosent Dr. Cenk Şimşek isə qeyd edib ki, hazırda hər hansı mənfi proses müşahidə olunmur:
“Xəstəmiz reanimasiya şöbəsində yaxından nəzarət altındadır. Hazırda heç bir mənfi inkişaf yoxdur və vəziyyəti stabildir”.
Xəstəxana rəhbərliyinin verdiyi məlumata görə, Ufuk Özkanın yaxın günlərdə reanimasiya mərhələsindən sonra palataya köçürülməsi planlaşdırılır.
Medianews.az