ABŞ Oman körfəzində İran pilotsuz uçuş aparatının (PUA) vurulmasından sonra rəsmi açıqlama yayıb.
Medianews.az xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Livitt bildirib ki, ABŞ qüvvələri vəziyyətə uyğun və zəruri addım atıb.
Livittin sözlərinə görə, ABŞ hərbçiləri İran PUA-sını vurmaqla düzgün hərəkət ediblər və hadisəyə baxmayaraq, Tehranla aparılan diplomatik müzakirələr planlaşdırıldığı kimi davam edir.
“İran pilotsuz təyyarəsini vurmaqla lazımi hərəkət etdik. İranla müzakirələr planlaşdırıldığı kimi davam edir,” – deyə Ağ Ev sözçüsü vurğulayıb.
ABŞ tərəfinin məlumatına görə, İran pilotsuz uçuş aparatı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Abraham Lincoln təyyarədaşıyan gəmisinə doğru aqressiv və təhlükəli manevrlər edib. Bundan sonra ABŞ-ın F-35C tipli qırıcı təyyarəsi PUA-nı havada məhv edib.
Fox News kanalına danışan ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəsmiləri bildiriblər ki, pilotsuz təyyarə özünümüdafiə məqsədilə vurulub.
CENTCOM-un sözçüsü Tim Hokinsin sözlərinə görə, USS Abraham Lincoln Ərəbistan dənizində, İranın cənub sahillərindən təxminən 800 kilometr məsafədə beynəlxalq sularda hərəkət edərkən, İrana məxsus Şahed-139 tipli PUA gəmiyə doğru lazımsız və aqressiv manevrlər edib.
“F-35C qırıcısı təyyarədaşıyan gəmini və ekipajı qorumaq məqsədilə İran pilotsuz təyyarəsini məhv edib. ABŞ İrandan gələn davamlı təhdid və təqiblərə dözməyəcək,” – deyə Hokins qeyd edib.
ABŞ rəsmiləri əlavə ediblər ki, gəmi beynəlxalq sularda fəaliyyət göstərib və tərəflər arasında gərginliyin artmaması üçün bütün lazımi tədbirlər görülüb. Vaşinqton İranla diplomatik təmasların davam edəcəyini də bir daha təsdiqləyib.
Medianews.az