Medianews.az
Ermənistanda seçki qaydası, parlamentdəki qüvvələr
123 baxış

Ermənistanda seçki qaydası, parlamentdəki qüvvələr

İyunun 7-si Ermənistanda parlament seçkisi keçiriləcək.

Medianews.az bildirir ki, proporsional sistemlə formalaşan parlamentə düşmək üçün partiyalar azı 4 faiz, bloklar azı 8 faiz səs toplamalıdır.

Qanunverici orqanın səlahiyyət müddəti 5 ildir. Hökumət parlament seçkisinin nəticələri əsasında formalaşır. Bunun üçün parlament mandatlarının azı 54 faizini almaq gərəkdir. Azı 101 nəfərdən ibarət parlamentdə minimum üç siyasi qüvvə təmsil olunmalı, mandatların azı üçdə biri azlıqdakı qüvvələrə düşməlidir.

2021-ci ildə seçilmiş indiki qanunverici orqan 107 nəfərlikdir. Baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasının parlamentdə 69, müxalif qüvvələrin – sabiq prezident Robert Köçəryana bağlı Ermənistan blokunun 28, sabiq prezident Serj Sərkisyana bağlı “Qürurluyam” blokunun 6 mandatı var. 4 deputat partiyasızdır.

1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasını 2013-cü ildə yaradıb. 2017-ci ildə bu qurumun daha iki partiya ilə birgə yaratdığı “Çıxış” bloku parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.

Həmin il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkisini Vətəndaş Sazişi Partiyası udub.

7 iyun seçkisinə hakim partiya ilə yanaşı müxalif qurumların (Çiçəklənən Ermənistan Partiyası, Erməni Milli Konqresi, Yeni Qüvvə Partiyası, Güclü Ermənistan Partiyası və s.) qatılacağı bəllidir.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun