Azərbaycan bazarlarında mənşəyi bilinməyən ət məhsullarının satışının artdığı iddia edilir. Bildirilir ki, xüsusən Ramazan ayından sonra bəzi obyektlərdə at əti mal əti adı ilə vətəndaşlara təqdim edilir. Bununla bağlı aidiyyəti qurumlar tədbirlər görsə də, məsələnin kompleks yanaşma tələb etdiyi vurğulanır.
Medianews.az xəbər verir ki, Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova heyvan mənşəli məhsulların, xüsusilə ətin kommersiya məqsədilə satışı qida təhlükəsizliyi, baytarlıq nəzarəti və əhalinin sağlamlığının qorunması prinsiplərinə uyğun olaraq qanunvericiliklə tənzimləndiyini deyib:
“Bu sahədə əsas hüquqi baza “Baytarlıq haqqında” və “Qida təhlükəsizliyi haqqında” qanunlarla müəyyən edilir. Birinci qanuna əsasən, heyvan kəsimindən sonra ətin insan qidası üçün yararlılığı baytarlıq-sanitariya ekspertizası ilə müəyyənləşdirilir. Bu nəzarətdən keçməyən məhsulların bazara çıxarılması və satışı qadağandır. Dövlət baytarlıq nəzarəti yalnız müvafiq ekspertizadan keçmiş, sənədlərlə təsdiqlənmiş və üzərində xüsusi nişan olan məhsulların satışına icazə verir. Bu sənədlər olmadan ət və digər heyvan mənşəli məhsulların dövriyyəsi qanunvericiliyə zidd hesab olunur.
Digər qanun isə qida zəncirinin bütün mərhələlərində məhsulların təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur. Yəni heyvan mənşəli bütün məhsullar, o cümlədən at əti insan qidası hesab edilir və onların satışı yalnız təhlükəsizliyi təsdiqləndikdən sonra mümkündür. Təhlükəsizliyi sübuta yetirilməyən məhsulların bazara çıxarılması qadağan olunur”.
Hüquqşünas bildirib ki, qanunvericiliyə əsasən, heyvan mənşəli məhsulların satışa çıxarılması üçün kəsim dövlət nəzarəti altında aparılmalı, məhsul baytarlıq-sanitariya ekspertizasından keçməli və müvafiq sənədlərlə təsdiqlənməlidir:
“Bu tələblərə əməl olunmadıqda, məhsulun satışı hüquqi baxımdan yolverilməz sayılır. Nəticə etibarilə, Azərbaycanda həm at, həm də digər heyvan mənşəli məhsulların satışı yalnız baytarlıq nəzarətindən keçdiyi və təhlükəsizliyi təsdiqləndiyi halda mümkündür. Bununla yanaşı, satış zamanı məhsul başqa ət adı ilə istehlakçıya təqdim olunursa, onun dövriyyəyə buraxılması qanunvericiliyə zidd hesab olunur və qadağandır”.
28.03.2026, 10:50
188
baxış
TURAN