Medianews.az
Əziz bayram münasibətiylə
73 baxış

Əziz bayram münasibətiylə

“Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!

Nədir dünyanı dutmuş elmlər, irfanlar, insanlar!?”
(Sabir)

Açığı, mən 18 iyunun şanlı vətənimizdə hansı bayram günü olduğunu tamam unutmuşdum, ona görə qonşu uşağı səhər-səhər qapını döyüb əlindəki torbada əti verəndə təəccübləndim. Deyir, atam qurban kəsib, sizi də bayram münasibətiylə təbrik edir. Sonra qaz idarəsindən hansısa sənədə qol çəkdirən gəlmişdi, o da təbrik elədi. Məktəbdən övladımıza dərs deyən müəllim, tindəki taksi sürücüsü, parkın mühafizəçisi, tanış qəssab, qeyri-tanış otsatan (ağlınıza pis fikirlər gəlməsin dərhal, kəkotu, əvəlik, çobanyastığı-filan satır) – uzun sözün qısası, rastlaşdığım hər bir vətəndaş təbriklərini çatdırmağı özünə borc bildi. Mən də sizləri intizarda saxlamadan, fürsətdən istifadə edərək hər bir oxucumuzu 18 iyun – Azərbaycanda insan hüquqları günü münasibətiylə təbrik edirəm.

Bəs niyə 18 iyun kimi belə əziz bayram mənim yadımdan çıxmışdı? Nankorluq, ana yurdu sevməmək, laqeydlik, dövlət tədbirlərinə soyuq yanaşma üzündənmi? Yox. Biz həmişə, ailəlikcə belə bayramları qeyd edirik. İstər 12 noyabr - Konstitusiya günü olsun, istər 17 noyabr - Milli Dirçəliş günü. 30 yanvar - Gömrük işçiləri günü, 11 fevral - Vergi müfəttişləri bayramı – hamısı bizə əzizdir. Elə bu yaxında, 5 iyun – Su təsərrüfatı və meliorasiya işçiləri günü münasibətiylə evdə bütün krantları açdıq, çılğın su şousu keçirdik. Ümumiyyətlə, həmişə kasıbın olanından süfrə açırıq, əylənirik, kontaktımızda olan hər kəsi qutlayırıq. (Gül bayramı niyə ləğv edildi, açığı, hələ də anlamıram). Sadəcə, artıq bizdə insan hüquqları yüksək səviyyəyə çatdığı üçün bunu bayram eləmək bəzən yadımızdan çıxır. Hər günümüz bayram kimi keçir axı. İnsan hüquqlarımız da Avropa-zad səviyyəsində qorunduğu üçün artıq belə anlayışların fərqinə varmırıq. Misal üçün, qabaqlar deyərdilər ki, filan ölkədə camaat öz iş-gücü ilə məşğuldur, heç naziri, deputatı kimdir, bilmir. Bir daha təbrik edirəm, artıq biz o müstəviyə çatmışıq, biz də bilmirik nazirlər və deputatlar kimdir.

Ancaq bu, bizi əl-qolumuzu sallayıb gəzməyə, yatmağa vadar etməməlidir, biz gərək indi dünyada insan hüquqlarını qorumaq işində kəskin fəaliyyət göstərək. Məsələn, Sakit okean zonasında xalqların vəziyyəti heç də sakitçilik deyil. Yaxud, Almaniyada iqtisadi, Amerikada hüquqi, Afrikada ekoloji, Avstraliyada meşə yanğınları, Hindistanda fillərin otlaq sahələri problemləri qalır. Bəlkə bunları həll eləsək, azca dincələ bilərik.

Bu yaxında “Uşaq və hüquq” adında kitab çap olunmuş, onun açılış mərasimində təhsil nazirimiz də iştirak etmişdi, bu isə Azərbaycanda insan hüquqlarına hörmətin bariz nümunəsidir. Halbuki, biz uşaq olanda bizə “Uşaq və buz” kitabı təqdim edilirdi. Gör hara gəlib çıxmışıq! Heyrətamizdir. Bu münasibətlə yenə hamınızı təbrik edirəm.

Sözgəlişi, həmin açılış törənində sayın nazirimizin bu fikri ictimai diskussiya yaratmışdı: “Üç ildən sonra Azərbaycanda dərsliklər əhəmiyyətini tamamilə itirəcək”.
Məncə, bir az optimist açıqlama idi, çünki bizdə dərsliklər əhəmiyyətini çoxdan itirib, məktəblər və müəllimlər, uşaqlar və valideynlər onların arasını da açmır. Taksi sürücüsü və mağazada rəfə mal qoyan yetişdirən universitetlərimizə giriş biletini əldə etmək üçünsə repetitorların test toplularından yararlanırıq. Bu münasibətlə də hamımızı təbrik edirəm (bayram bayrama qarışıb, necə deyərlər).

Sonda demək istəyirəm ki, bahəm.

Zamin HACI

Bizə qoşulun