İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik istintaqı çərçivəsində “Fənərbağça” klubunun prezidenti, iş adamı Sadəddin Saran “şübhəli şəxs” qismində ifadə verib.
Musavat.com xəbər verir ki, prokurorluğun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində Sadəddin Saranın ifadə verməsi üçün İstanbul Ədliyyə Sarayına gətirilməsi barədə göstəriş verilib.
Xaricdə olduğu bildirilən Saran gecə saatlarında xüsusi təyyarə ilə İstanbula qayıdaraq Çağlayandakı Ədliyyə Sarayında təxminən 2 saat yarım prokurora ifadə verib.
İstintaq çərçivəsində Sadəddin Saran narkotik testindən keçirilməsi üçün Məhkəmə-Tibbi Ekspertiza Qurumuna göndərilib. Burada ondan qan və saç nümunələri götürülüb. Təxminən 45 dəqiqə davam edən prosedurlardan sonra Saran yenidən Ədliyyə Sarayına gətirilib.
Rəsmi məlumatlara əsasən, Sadəddin Sarana qarşı irəli sürülən ittihamlar “narkotik vasitə əldə etmək”, “narkotik vasitənin istifadəsinə şərait yaratmaq” və “narkotik vasitə istifadə etmək” maddələri ilə bağlıdır.
Qeyd edək ki, istintaq çərçivəsində Sadəddin Saranın evində də axtarış aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarış zamanı Saranın ünvanda olmadığını müəyyən edib. Məlum olub ki, o, həmin vaxt xaricdə olub və vəkilləri vasitəsilə şübhəli qismində ifadəyə çağırıldığı bildirilib.
Sadəddin Saranın vəkili, “Fənərbağça” Klubunun İdarə Heyətinin üzvü, hüquqşünas Əli Alpər Alpoğlu sosial şəbəkə hesabında açıqlama yayaraq bildirib ki, Saran Olimpia Milano – “Fənərbağça” Beko basketbol oyunu və bəzi transfer danışıqları səbəbindən ölkə xaricində olub. Açıqlamaya görə, proseslə bağlı məlumat alan Saran dərhal Türkiyəyə qayıtmaq üçün hərəkətə keçib və ilk mümkün reyslə ölkəyə daxil olub.
Bu arada Sadəddin Saranın İstanbula gəlişi zamanı Atatürk Hava Limanının Ümumi Aviasiya Terminalında bir qrup “Fənərbağça” azarkeşi tərəfindən qarşılandığı da bildirilir.
Xatırladaq ki, sözügedən narkotik istintaqı çərçivəsində bundan əvvəl də bir sıra tanınmış şəxslər barəsində əməliyyatlar keçirilib. Üçüncü dalğa əməliyyatlar zamanı, o cümlədən aktrisa Saadet Ezgi Eyüboğlu daxil olmaqla 8 nəfər saxlanılıb. İstintaq zamanı narkotik maddələr, silahlar, müxtəlif aparat və saxta pul nümunələrinin aşkar edildiyi açıqlanıb.
Hazırda istintaq davam etdirilir.