Medianews.az
Fəxrəddin Manafov Macarıstan Azərbaycan Evinin
63 baxış

Fəxrəddin Manafov Macarıstan Azərbaycan Evinin qonağı olub - FOTO

Macarıstanın paytaxtı Budapeştdə yerləşən Azərbaycan Evində Xalq artisti, görkəmli kino və teatr aktyoru Fəxrəddin Manafovla görüş keçirilib. Görüşdə Macarıstanda yaşayan soydaşlarımızla yanaşı, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın və Gürcüstanın Macarıstandakı səfirləri də iştirak ediblər.

Medianews.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Macarıstan Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli ömrünün böyük hissəsini ölkəmizdə kino və teatr sahələrinin inkişafına həsr edən Fəxrəddin Manafovla görüşün soydaşlarımız üçün xüsusi önəm daşıdığını vurğulayıb. Bildirib ki, belə görüşlər milli mədəniyyətimizin tanıdılması, gənclərin incəsənətə marağının gücləndirilməsi baxımından mühüm rol oynayır, görkəmli aktyorun kino və teatra göstərdiyi misilsiz xidmətlər isə yeni nəsil üçün ilham mənbəyidir.

Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə çıxışında Fəxrəddin Manafovun zəngin yaradıcılığından söz açaraq, onun müxtəlif ekran işlərində və teatr səhnələrində canlandırdığı xarakterik obrazlarla ölkəmizdə və xaricdə geniş tamaşaçı sevgisi qazandığını qeyd edib. Xalq artistinin yaratdığı rolların milli kinomuzun və mədəniyyətimizin inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb.

Daha sonra soydaşlarımızı maraqlandıran sualları cavablandıran Fəxrəddin Manafov zəngin yaradıcılıq yolu, kino və teatr sahəsində əldə etdiyi təcrübə, eləcə də mədəniyyətin cəmiyyətin formalaşmasındakı rolu ilə bağlı fikirlərini bölüşüb. O, sənətə olan sevgisini və sədaqətini uğurunun əsas amili kimi dəyərləndirib, hər kəsə daim öz üzərində işləməyi və milli dəyərlərə sadiq qalmağı tövsiyə edib. Xalq artisti göstərilən qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən Macarıstan Azərbaycan Evinə, görüşə qatılan soydaşlarımıza minnətdarlığını ifadə edib.

Görüşdə, həmçinin Azərbaycan kinosundan, sənətkarın kinoda və teatrda yaratdığı obrazlardan söhbət açılıb. Dövlətimizin mədəniyyət və incəsənət nümayəndələrinə daimi qayğısından bəhs edilib.

Toplantıda Fəxrəddin Manafovun ifasında “Otello”nun monoloqu” videoçarxı göstərilib.

Mədəniyyət və incəsənət sahəsi üçün mühüm əhəmiyyət kəsb edən görüş iştirakçılarda xoş və unudulmaz təəssüratlar yaradıb.

Bizə qoşulun