Medianews.az
Müharibə çarmıxı:
133 baxış

Müharibə çarmıxı: zehin, güc, qorxu!

İnsanın yıxılıb-yıxılmamasını, irəli getməsini və ya geri çəkilməsini müəyyən edən əsas amil zehindir. Zehin iradənin və fiziki gücün hansı vəziyyətdə olduğunu ölçən bioloji bir mexanizm kimi çıxış edir.

Bəs hərbçi üçün daha həlledici olan nədir: zehni güc, yoxsa fiziki güc?

Döyüş meydanında əsgərə təsir edən əsas faktor ölüm-qalım dilemmasıdır. Bu dilemma insanın bütün varlığını görünməz bir hörümçək toru kimi bürüyür. Belə anlarda insan ruhu qorxunun sıx toxunmuş toruna düşür və hər bir qərar bu torun içində formalaşır.

Əsgərin döyüş meydanındakı fəaliyyəti onun zehni, fiziki və psixoloji hazırlığı ilə birbaşa əlaqəlidir. Sülh dövründə qazandığı hərbi biliklər sayəsində əsgər öz ixtisasına mükəmməl şəkildə yiyələnir. Fiziki məşqlərə cəlb olunmaqla bədəninin dözümünü artırır, psixoloji hazırlıq keçməklə isə zehni baxımdan formalaşır.

Psixoloji hazırlıq döyüş zamanı hisslərin idarə olunmasında, stresə davamlılıq göstərilməsində və yoldaşlarına vaxtında yardım edilməsində mühüm rol oynayır. Zehni və fiziki hazırlıq döyüşçüdə mənəvi gücün formalaşması və inkişafı üçün əsas təməl hesab olunur.

Müharibə insanın daxili imkanlarının sərhədlərini üzə çıxaran çoxşaxəli bir sınaqdır. Bu sınaq "müharibə çarmıxı" anlayışı ilə izah oluna bilər. Sözügedən anlayış döyüşçünün üzləşdiyi üç əsas amilin - qorxu, zehni güc və fiziki gücün  kəsişməsində formalaşır.

Müharibə döyüşçü üçün bir çarmıxdır: bir tərəfində qorxu, digər tərəfində fiziki tükənmə, mərkəzində isə zehni güc dayanır. Qorxu hər bir əsgərin daxilində mövcuddur, lakin onu idarə edə bilən döyüşçü zehni üstünlük qazanır. Fiziki güc bədəni irəli aparsa da, zehni güc onu döyüşdə saxlayan əsas dayaqdır. Bu üç amilin vəhdəti döyüşçünün taleyini müəyyənləşdirir.

Qorxu amili (qorxu) - döyüş şəraitində hər bir fərdin təbii reaksiyasıdır və onun davranışlarına birbaşa təsir göstərir. Araşdırmalar göstərir ki, qorxu özlüyündə neytral bir psixoloji kateqoriyadır; onun müsbət və ya mənfi təsiri döyüşçünün zehni hazırlıq səviyyəsindən asılıdır. Zehni dayanıqlığı yetərli olmayan şəxslərdə qorxu qərarsızlıq, panika və effektivliyin azalmasına səbəb olur. Əksinə, zehni hazırlığı yüksək olan döyüşçü qorxunu idarə edərək onun diqqət və ayıqlıq funksiyalarını gücləndirə bilir.

Qorxu mənfi emosiyadan çox həyatda qalmanı təmin edən əsas instinktdir. Müharibədə qorxu tamamilə aradan qalxmaz, amma idarə oluna bilər.

Qorxunun rolu:

- təhlükəni real qiymətləndirməyə və diqqəti toplamağa kömək edir;

- əgər nəzarət altına alınmazsa, panika, yanlış qərarlar və fərarilik - döyüşdən yayınma kimi nəticələrə səbəb ola bilər;

- yaxşı təlim görmüş hərbçi qorxunu "mühafizə mexanizminə" çevirə bilir - ondan motivasiya kimi istifadə edir. Əks təqdirdə isə orqanizmi iflic edə, döyüşçünü panika halında hərəkətsiz duruma sala bilər. Qorxunu idarəetmə qabiliyyəti peşəkar komandir və psixoloq heyətinin təlimi ilə inkişaf etdirilir.

Zehni güc (zehin) - müharibə çarmıxının mərkəzi elementi hesab olunur. Zehni hazırlıq döyüşçüyə stresli və riskli situasiyalarda rasional qərar qəbul etmək, informasiya axınını səmərəli emal etmək və planlaşdırma funksiyalarını yerinə yetirmək imkanı verir. Bu baxımdan zehni güc təkcə fərdi xüsusiyyət deyil, həm də döyüş hazırlığının strateji komponenti kimi qiymətləndirilir.

Zehin - hərbçinin vəziyyətini düzgün qiymətləndirmək, riskləri analiz etmək, qərar vermək və soyuqqanlı qalmaq bacarığıdır. Bu, həm təlim nəticəsində formalaşır, həm də təbii intellektual çevikliyin göstəricisidir.

Zehnin rolu:

- döyüşdə situasiyanın "duman"ını dağıdır - yəni qeyri-müəyyənlik şəraitində doğru istiqaməti tapmağa kömək edir;

- qorxunu idarə etməyə kömək edir - çünki rasionallıq panikanın qarşısını alır;

- resursları (zaman, qüvvə, sursat və s.) optimal idarə etməyə imkan yaradır;

- komandan qərarlarında strateji düşünməni təmin edir.

Fiziki güc (güc) - döyüş tapşırıqlarının icrasında əsas rol oynayır. Uzunmüddətli fiziki yüklənmə, ətraf mühit faktorları və resurs məhdudiyyətləri döyüşçünün performansına birbaşa təsir edir. Təhlillər göstərir ki, fiziki gücün effektivliyi zehni dayanıqlıqla sıx bağlıdır; zehni zəiflik fiziki resursların sürətli tükənməsinə və döyüş qabiliyyətinin azalmasına səbəb olur.

Güc yalnız əzələ enerjisi deyil, həmçinin iradə, dözümlülük və psixoloji dayanıqlığın birləşməsidir.

Hərbçi üçün güc həm bədəni, həm də ruhu təzyiq altında qorumaq deməkdir.

Gücün rolu:

- bədən yüklənmələrinə və yorğunluğa qarşı müqavimət yaradır;

- psixoloji təzyiq zamanı təslim olmamaq üçün "şəxsiyyət dayağı" rolunu oynayır;

- liderlik keyfiyyətlərini və komandaya inam hissini gücləndirir;

- zehinin effektivliyini qorumağa kömək edir, çünki zəif bədən düşüncəni də zəiflədir.

Avtomobil yolunu keçmək istəyən piyada ilk olaraq qərar verir, piyadalar üçün nəzərdə tutulan keçidə yaxınlaşır və işıqforda yaşıl işığın yanmasını gözləyir. Bu, zehni fəaliyyətdir. Daha sonra isə hərəkətə başlayır, iti addımlarla yolu keçir. Bu isə fiziki güc və qorxunun instinktidir. Bu cür qarşılaşdırmaların sayını artırmaq olar.

Sonda qeyd etmək istərdim ki, piyadanı döyüşçü, yolu isə döyüş meydanı olaraq təsəvvür etsək, "müharibə çarmıxı"nın həyatımızın bir çox sahələrində bizimlə olduğunu dəqiq başa düşə bilərik. Bu üç element arasında harmoniyanın pozulması hərbçinin ya həddindən artıq düşünməsi və qərarsız qalması, ya da kor cəsarətlə riskə atılması deməkdir.

Ən səmərəli döyüşçü isə ağlı ilə düşünən, iradəsi ilə dözən, qorxusunu idarə edən şəxsdir.

Amil Məhərrəmoğlu,
hərbçi-psixoloq

Bizə qoşulun