Uşaq ikən böyüklərimizdən “Mən sən yaşda olanda…” sözləri ilə başlayan nəsihətlər silsiləsini çox eşitmişik. Onlar adətən valideynlərin övladlarından narazı qalması, giley-güzarları ilə bağlı olurdu. Atamın məni danlayanda “Sənin yaşında ikən mən…” deyə başladığı tədris-tərbiyə “seansını” baxdım ki, illər sonra ata olanda özüm də uşaqlarıma tətbiq etməyə başlamışam.
Uşaqlar valideynlərindən daha ağılsızdırlarmı, yoxsa əksinə?
Tədqiqatçılar gənc nəsillərin orta İQ səviyyəsinin (intellekt əmsalının) yaşlı nəsillərdən daha yüksək olduğunu aşkar ediblər…
“Flinn effekti” deyə bir fenomen var.
Bu, orta İQ göstəricilərinin nəsildən-nəslə davamlı artması fenomenidir. 1984-cü ildə amerikalı psixoloq Ceyms Flinn (James Flynn, 1934 – 2020) tərəfindən aşkar edilib. Flinn effektinə əsasən, yeni nəsil bir əvvəlkinə görə daha ağıllı, intellekt səviyyəsi daha yuxarı olur.
Məncə, Flinn effekti fenomeninə sirli bir bioloji sıçrayış kimi baxmaq doğru yanaşma deyil. Bu effekt insan beyninin birdən-birə dəyişməsi yox, cəmiyyətin düşünmə şəraitinin dəyişməsi ilə bağlıdır. Başqa sözlə, yeni nəslin İQ artımı beynin yox, dünyanın yenilənməsinin nəticəsidir.
Flinn effektinin əsas səbəbi genetika ilə bağlı deyildi. Çünki bir əsrdə genlər bu qədər sürətlə dəyişə bilməzlər. Səbəb başqadır və çox sadədir:
– kütləvi təhsil,
– məcburi ilk və orta təhsil,
– abstrakt düşüncənin yayılması,
– riyaziyyat, qrafiklər, sxemlər, xəritələr,
– yazılı mədəniyyətin genişlənməsi,
– şəhər həyatının, texnikanın, sənayenin gündəlik həyata girməsi.
XX əsrin əvvəllərində insanlardan konkret düşünmək tələb olunurdu: torpaq, alət, əşya, fiziki güc. XX əsrin ortalarından sonra isə abstrakt düşünmək məcburi oldu: faiz, ehtimal, funksiya, model, risk. İQ testləri də məhz bunu ölçür. Ona görə də artım baş verdi.
Amma indi məlum olur ki, bir sıra inkişaf etmiş ölkələrdə Flinn effekti geriyə dönməyə – azalmağa başlayıb. Flinn effekti Qərb dünyasının mərkəzində yaranmışdı və indi elə oradaca sona çatır – Norveç və İsveçdə tamamilə dayanıb, Danimarka və Finlandiyada isə əks istiqamətə çevrilməyə başlayıb.
Zənnimcə, bunun da səbəbi yenə bioloji yox, mədəni və texnoloji xarakter daşıyır. İnsan beyni yenə eyni beyindir, amma düşünmə rejimi dəyişib.
Bugünkü insan daha az oxuyur, daha az yazır, daha diqqətsizdir və s. Ekranlar abstrakt düşüncəni zəiflədir, reaksiya sürətini və emosional cavabı isə təşviq edir. Alqoritmlər düşünməyi yox edərək seçim etməyi “avtomatlaşdırır”. Yəni biz düşünmürük, bizə düşünülmüş variantlar təqdim olunur, biz də onlardan birini seçirik.
Zehni rejimin dəyişməsi baş verir. XX əsr insanı riyazi-abstrakt rejimdə yaşayırdı, XXI əsr insanı isə vizual-reaktiv rejimdə. İQ testləri isə hələ də köhnə dünyanın ölçü alətidir.
Bir mühüm məqam da “əcdadlarımız daha müdrikd, daha ağıllıydılar” mifinin heç bir elmi əsasının olmamasıdır. Əgər bugünkü ölçülərlə baxsaq, keçmiş insan daha az oxumuş, daha dar dünyagörüşlü, daha çox xurafata inanandı. Onun “müdrikliyi” təcrübədən doğurdu, anlayışdan yox. Bu ikisi isə eyni şey deyil.
Amma eyni zamanda bir təhlükəni də görürəm. XX əsrin intellektual sıçrayışı sabit bir səviyyə deyildi. Təhsil zəiflədikcə, oxu mədəniyyəti dağıldıqca, dil kasadlaşdıqca Flinn effekti də sönür. Çünki bu effektin “yanacağı” kitab idi, məktəb idi, mətn idi.
Başqa sözlə, Flinn effekti insanın “daha ağıllı” olması yox, daha mürəkkəb dünyada yaşamağa məcbur qalması idi. Dünya sadələşəndə, ya da bizə sadə formada təqdim olunanda beyin də geri çəkilməyə, “boş verməyə” başladı.
O zaman ortaya belə bir sual çıxır:
Biz geriyə gedirik, yoxsa sadəcə düşünməyi texnologiyaya həvalə etmişik?
Bu sualın cavabı hələ yoxdur.
İbrahim Nəbioğlu
