Fevralın 19-da ABŞ paytaxtı Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edib.
Əvvəlcə birgə foto çəkdirilib.
Sonra Donald Tramp tədbirdə çıxış edib.

AZƏRTAC-ın məlumatına görə, prezidentliyi dövründə 8 münaqişəyə son qoyduğunu deyən Donald Tramp vurğulayıb ki, iki çox vacib ölkə arasında sülh əldə edib və bunu heç vaxt unutmayacaq.

ABŞ prezidenti Azərbaycan və Ermənistan liderlərinə regionda yaranan sülhə görə təşəkkür edərək deyib: “Bilirsiniz, müharibə edəndə onun xərcləri sülhün dəyərindən yüz qat artıq olur. Orada sonda əyləşən cənabı (Prezident İlham Əliyevi - red.) görürük. O gülümsəyir. Otuz il mübarizədən sonra bu, aydın oldu, elə deyilmi? Otuz il müharibə gedib və biz onun öhdəsindən gəldik. Sizə çox minnətdaram, əla iş gördünüz. Siz və yeni dostunuz, ofisimə gəldiniz və dediniz, mən 22 il mübarizə aparmışam. Siz 23 ildir ki, fəaliyyətdəsiniz, eləmi? Lakin 22 il mübarizə aparmışam. Bax, onunla. Onun həmkarı isə dedi: “Mən də yeddi ildir rəhbərəm. Onunla mübarizə aparmışam”. Biz isə 24 saatın içərisində işi yerinə yetirdik. Çox yaxşı sülh alındı. Düşünürəm ki, onlar artıq dostdur. Mən bəlkə bunu söyləməli deyiləm. Fikrimcə, onlar artıq dostdur, elə deyilmi? Qalxın ayağa. Bunlar möhkəm iradəli insanlardır. Elə bilirsiniz asan idi? Yox, asan deyildi. İki sərt insandır, amma yaxşı insanlardır. Oval ofisdə idik. Onlar ikisi də gəldi. Biri otağın bir tərəfində, digəri o biri tərəfində. Masa arxasında iki gözəl oturacaq var idi. Biri otağın bir yerində, digəri başqa yerində. Dedim onlara bəlkə bir-birinizə yaxın gələsiniz. Onlar bir az tərəddüd etdilər. Otuz iki il idi bir-birilərini məhv edirdilər. Dedim, bir-birinizə yaxın dayanın. Bir saat keçdi və onlar yan-yana oturdular. Razılaşma əldə etdik. Bir-birinin əlini sıxdılar, imzaladılar. Biz iki mühüm ölkə ilə sülhün əldə olunmasına imkan yaratdıq, heç vaxt unutmaram. Yavaş başladılar, sonra isə qəti addımlar atdılar. Siz özünüzlə çox fərəhlənə bilərsiniz. Gözəl hadisədir. Təşəkkür edirəm. Baxın. Otuz iki il... Sağ olun, çox sağ olun”.

Sonra digər dövlətlərin nümayəndələrinin çıxışları dinlənilib.
İclasın sonunda Sülh Şurasının maliyyə intizamı və şəffaflığı prinsipləri haqqında qətnaməsi imzalanıb.

Medianews.az xatırladır ki, Donald Sülh Şurasının sədridir. Onun təşəbbüsü ilə yaradılan bu qurumun nizamnaməsi yanvarın 22-də İsveçrənin Davos şəhərində imzalanıb. İmza mərasimi Donald Trampın, Azərbaycan Prezidenti İlham Əliyevin və başqa dövlət, hökumət başçılarının iştirakı ilə reallaşıb.

Sülh Şurası əvvəlcə İsrail-Fələstin münaqişəsinə son qoymaq və Qəzza sektorunun yenidən qurulmasını təmin etmək məqsədilə ABŞ-ın hazırladığı 20 maddəlik sülh planının bir hissəsi kimi təklif olunsa da, nizamnamədə Qəzza sektorundan bəhs olunmur, dünyada münaqişələrin həllinə yardım üzrə BMT-nin onilliklərdir oynadığı rolu əks etdirən görüşlər yer alır. Bəzi ekspertlər Sülh Şurasını “Donald Trampın BMT-si” də adlandırırlar.

Sülh Şurasının loqotipi BMT-nin loqotipinə bənzəyir. Fərq də var: BMT-nin loqotipində bütün qitələr, Sülh Şurasının loqotipində isə Şimali Amerika və Mərkəzi Amerika ilə Cənubi Amerikanın bəzi bölgələri əks olunub.
Sülh Şurasında sədr müstəsna səlahiyyətlərə malikdir.

Azərbaycanla Ermənistan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin layihəsini 2025-ci il martın 13-də razılaşdırıb.
Həmin il avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Vaşinqtonda ABŞ prezidentinin şahidliyi ilə Birgə Bəyannamə imzalayaraq sərhədlərin toxunulmazlığı, ərazi əldə olunması üçün güc tətbiqinin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulması öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar. Vaşinqtonda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən, Ermənistandan keçən dəhlizin (Zəngəzur dəhlizi) yaradılması da razılaşdırılıb. Bu layihə ABŞ-ın patronajlığı ilə gerçəkləşəcək.