Medianews.az
İnadkar ulağın postamenti
103 baxış

İnadkar ulağın postamenti

Aşağıda oxuyacağınız lətifə bizim satiriklərin yaradıcılığının məhsulu deyil. Bunu ya ruslar, ya da ermənilər özləri uydurub. Mən ona o gün rus saytlarından birində ürcah olmuşam.

Ortada Qarabağ söhbəti vardı deyə diqqətimi cəlb etdi, oxudum, gördüm ki, necə deyərlər, bu zarafatın bir az həqiqət payı da var. (Hərçənd son illərdə o kəlamı perefraz edib bu şəklə salıblar: “Hər həqiqətin bir az zarafat payı var”.

Xüləs, bilirsiniz ki, Qarabağ erməniləri bütün postsovet məkanının boynuna qoyublar ki, onlar çox döyüşkən, mübariz və inadkardırlar. Bu üzdən idi ki, ermənilər inadkarlığı ilə ad çıxarmış Qarabağ eşşəyini özlərinin totemi seçmişdilər. Düzdür, elmi araşdırmalar Həmədan eşşəyinin höcətliyi ilə Qarabağ ulağının inadkarlığı arasında elə bir fərq aşkar etməyib (əslində belə bir dərin təhqiqat aparılmayıb, bunu gözəyarı müşahidələr əsasında deyirlər), ancaq yenə də vaxtilə Qarabağı dağlıq hissəsində yaşayan ermənilər öz uzunqulaqlarını hamınınkından üstün tuturdular.

Rus saytında dərc olunmuş lətifə də elə bu haqdadır. Deyir, Qarabağ erməniləri bir gün inadkar eşşəyə minnətdarlıq əlaməti olaraq ona abidə ucaltmaq qərarına gəlirlər. Bir araya toplaşan ermənilər bu məsələni müzakirə etməyə başlayırlar. Amma onlar uzunqulaq abidəsinin nədən düzəldiləcəyinə dair qərar verə bilmirlər. Bəziləri deyir, eşşək heykəlini daşdan yonaq, bəziləri tuncdan tökməyi təklif edir. Bir qrup da israr edir ki, taxtadan yonub düzəltsək daha məqsədəuyğun olar, ucuz başa gələr. Amma totemləri qədər inadkar olan ermənilər heç cür ortaq məxrəcə gələ bilmirlər, axşam düşür, dağılışmaq vaxtı gələndə icmanın ağsaqqalı son qərarını verir: “Heç bir abidə lazım deyil. Postamentdə növbə ilə dayanacağıq!”

Bu lətifənin rus saytlarında yer alması təsadüfdürmü? Əsla! Gürcülərlə rusların arası dəyən illərdə saytlarda gürcülərə dair lətifələr dolub-daşırdı. Bu lətifələrdə gürcülər oğru, haramxor, seksual manyak, yekəxana, aktiv qey və sair kimi qələmə verilirdilər. Düzdür, lətifələrdə yumor olurdu, amma hiss edirdin ki, lətifələr vasitəsilə gürcü xalqına dair ictimai rəy yaradılır.

Ukrayna müharibəsi başlanandan sonra irqi-milli lətifələrin əsas “personaj”larından biri də ukraynalılar oldular (digər əsas personaj xroniki olaraq “xəsis”, “pulgir”, “millətçi”, “hiyləgər” yəhudilərdir). Bir ara da çeçenlər “bandit”, “terrorist”, estonlar “kütbeyin”, “tənbəl” kimi qələmə verildilər.

İndi yavaş-yavaş ermənilər “lətifə qəhrəmanı”na çevrilirlər. Lətifə düzəldən, daha dəqiqi, köhnə lətifələri improvizə edən ruslar bu dəfə onları məsxərəyə qoymaqdadırlar və gözlənilir ki, bu tendensiya güclənəcək. Çünki Paşinyan və komandası çox inadkar çıxıb, rus ağaya fağır rəiyyət olmaq istəmir.

Şimal qonşularımızın xasiyyəti belədir. Kim ki “mən öz xalqımız sevirəm” deyirsə, demək, millətçidir; “biz müstəqil dövlət olmalıyıq” deyənlər nankordur; “ruslar bizi rahat buraxsınlar”, “dövlət dilimizi öyrənsinlər” deyənlər isə rusofobdur.

Bu xüsusda bir karikatura da var, süni intellektlə düzəldildiyi hiss olunur, amma söhbətin məğzi təbii intellektdən qaynaqlanır. Belədir:

706473918_1335188932035126_5209647035687263661_n.jpg (151 KB)

Gördüyünüz kimi, “milli mənzillər”inin pəncərəsindən baxan “sovet xalqları” ümumi həyətdə hamıya meydan oxuyan “sərxoş rus”a öz səmimi münasibətlərini sərgiləyirlər.

Durum budur. Nyutonun 3-cü qanunu işə düşüb: təsir əks-təsirə bərabərdir. Ruslar öz “köhnə qardaşları” haqqında aşağılayıcı lətifələr qoşur və eynisilə də üzləşirlər. Hərənin bir zəif damarı, bir vərdişi, xasiyyəti var axı. Allah tərəfi, aramız soyuqlaşan aylarda bizə çox da şəbədə qoşmadılar. Məlum şeylər. Bazar, alver-filan.

armeş.JPG (122 KB)

Ermənilərin ulağı totemə çevirmələrinə gəlincə, 2020-ci ilə qədər onlar bunu tam ciddi hala gətirmişdilər. Hər il Xankəndinin yaxınlığında yerləşən Vəng kəndində qoduq cıdırı təşkil edirdilər. Əməlli-başlı festival. Artıq qoduqötüşdürməyə beynəlxalq yarış statusu qazandırmaqdaydılar. Bir neçə ilə olimpiya oyunlarından biri kimi qeydiyyatdan keçirəcəkdilər.

Amma olmadı. Qısqı-basqı bərk olanda inadkarlı etmədilər, qoduqları qoyub qaçdılar. 2021-ci ilin fevral ayının 12-də Tuğda həmin qoduqların 3-nü gördüm. Kəndin ortasında o tərəfə-bu tərəfə qaçırdılar. Bərk şütüyürdülər. Hiss olunurdu ki, idmançı keçmişləri var.

P.S. Dünya köhnə dünyadır, inadkar ulaqları təzədir.

Samir SARI 

Bizə qoşulun