Medianews.az
Kılıçdaroğlu və Elçibəy
106 baxış

Kılıçdaroğlu və Elçibəy

Prosesləri izlədikcə fikirləşirsən ki, doğrudan da biz “bir millət, iki dövlətik”. Məsələn, xəbər lentində gözümə sataşdı, Türkiyədə Qurban bayramı günlərində minlərlə insan yaralanmışdı – kəsim mərasimləri zamanı. Bu hadisələr necə baş verib, heç maraqlanmağa dəyməz. 90-cı illərdə, türk kanalları bizə ayaq açanda bunu çox görərdik. Dana ipi qırıb qaçır, küçədə bir sürü adam düşüb dalıyca. Kimsə ayaq altında qalır, maşınlar toqquşur, nə bilim, Küçük Əmrah oxuyur, Orta Doğu projesi işə düşür.

Siyasi-ictimai sahədə oxşarlıqlar isə lap göz çıxarır. Güman edirəm, xəbəriniz vardır, sayın Ərdoğan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) bala-bala torbasını tikməkdədir, ən son addım kimi ora... özü sədr təyin edibdir. Sayın Özgür Özəli çıxardıb, Kamal Kılıcdaroğlu adlı ağsaqqalı yerinə qoymuşlar.

Həmin bu Kamal əkə uzun illər CHP cameəsini barmağına dolamış birisidir. Ancaq bununla işim yoxdur, açığı, mənim bu Kılıçdaroğlu deyilən tipdən heç vaxt xoşum gəlməyib, hətta axırıncı prezident seçkisində onun uduzacağı mövzusunda bir qahımla mərci udmuşdum. Və maraqlıdır ki, bütün ölkə seçkilərində Ərdoğana uduzan bu adam indi hakimiyyətin oyuncağı kimi CHP sədrliyinə dönmək qəbahətindən heç utanıb eləmir. O üzdən, necə deyərlər, ana müxalifət partiyası iqtidarla mübarizənin başını buraxıb, öz içində didişməyə məcbur qalıb.

Belə getsə CHP bizim AXCP kimi bir şey olacaqdır. Yəqin xatırlayırsınız, bizdə də sədr Elçibəydən sonra AXCP əvvəlcə iki yerə paralanmışdı. Şərti olaraq camaat bunlara “klassiklər” və “islahatçılar” deyirdi, hərçənd, o qanadlardakı adamların klassikliyi və islahatçılığı şübhəli məsələ idi. Ancaq AXC bununla da dayanmadı, zəncirvari siyasi reaksiya ilə parça-tikə olmağa davam etdi, içindən BAXCP, BQP, AYP və sairə çıxdı. İndi həmin abbreviaturalar nəyi bildirirdi, açığı, heç mən özüm xatırlamıram, güman edirəm siz də unutmusunuz və bunun heç bir əhəmiyyəti də qalmamışdır. Allah bilir, bəlkə AXC bölünəndə onun içindən DYP adlı partiya belə çıxmışdı.

Sadəcə, cüzi fərq var ki, CHP-yə hökumətin başçı qoyduğu Kamal müəllim sağ-salamatdır, AXC sədri isə ölmüşdü. Qalan başqa hər şey oxşayır. Adi bir detalı sayın oxucularımıza xatırladım.

Elçibəy 1993-cü ildə hakimiyyəti itirəndən sonra Kələkiyə sığınmışdı, iqtidar da onu guya (məncə) Bakıya qayıtmağa qoymurdu. Ta 1997-ci ilin payızınadək proses belə getdi: cəbhəçilər-filan burdan gedirdilər Ordubadın dağ kəndində Əbülfəz bəylə söhbətləşib, gözlərinin qurdunu öldürüb qayıdırdılar. Hakimiyyətdəki YAP da guya mane olurdu, hərdən Ordubadın yollarında bəylər və polislər bir-birini itələyirdilər. Nəhayət 1997-ci ilin oktyabrında, yenə guya Elçibəyin “prezidentlik müddəti” başa çatdı, bəy qaval-zurna ilə paytaxta döndü. Hökumət nədənsə buna icazə vermişdi.

Əhvalatın əsl mənası, əlbəttə, 1998-ci ildəki prezident seçkisinə müxalifətin hansısa real, güclü namizədlə qatılmasına badalaq vurmaq idi və Elçibəyin personası bu iş üçün ən ideal görünmüşdü – iqtidar üçün. Nəticədə bəy Lalə Şövkətdən tutmuş, İlyas İsmayılova qədər rəngarəng “hökumət adamları”nı da başına topladı, guya SİDSUH (bunun da açılışı çox mənasızdır, yazmıram) yaratdılar və cəmi 4 il qabaq hakimiyyəti özü üçün biabırçı, Azərbaycan xalqı üçünsə faciəvi şəkildə itirmiş birisi, yenidən prezidentliyə namizəd oldu!

Müxalifətin vahid namizədi. Adam qızıl-qırmızı hesab edirdi ki, xalqımız bir dəfə batdığı palçığa yenidən həvəslə batacaqdır.

Təsəvvür edirsinizmi? Amma nə təsəvvür, biz bu abırsızlığı canlı yaşayıb üstündən keçmiş camaatıq. Təbii ki, bəzi narazılar vardı, onlar isə İsa Qəmbərin namizəd olmağını istəyirdi. Nəticədə ara qarışdı, məzhəb itdi, heç biri namizəd olmadı, seçkini boykot qərarı verdilər.

Bax, 2026-cı ilin Kılıçdaroğlusu, 1998-ci ilin Elçibəyinin eynisidir. Allah hər ikisinə rəhmət eləsin.

Zamin HACI 

Bizə qoşulun