Bu gün saat 12:10 radələrində Bakının bütün metro stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət qoyulub. Səbəb "Ulduz-Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində baş vermis nasazlıqdır. Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
Medianews.az bildirir ki, metroda təmas relsinə yüksək gərginliyin verilməsi qatarların hərəkətini təmin edən elektrik enerjisinin sistemə ötürülməsi deməkdir. Bu, metropolitenin fəaliyyəti üçün zəruri bir prosesdir, lakin təhlükəsizlik baxımından sərnişinlər üçün ən kritik amildir.
Metro qatarları hərəkət etmək üçün lazım olan enerjini relslərin yan tərəfi ilə uzanan və adətən sarı və ya qırmızı qoruyucu qapaqla örtülmüş təmas relsindən (üçüncü rels) alır.
Bakı Metropolitenində təmas relsinə verilən sabit cərəyanın gərginliyi 825 volt təşkil edir. Bu, məişətdə istifadə etdiyimiz 220 voltdan qat-qat güclüdür və insan üçün anında ölümcül təhlükə yaradır.
Qatarların hərəkət etdiyi bütün vaxt ərzində relsdə gərginlik olur. Yalnız gecə saatlarında (hərəkət dayandıqdan sonra) və ya qəza, yaxud təmir işləri zamanı gərginlik kəsilir.
Ona görə də stansiya yoluna hər hansı bir əşya və ya sərnişin özü düşərsə, Bakı Metropoliteninin rəsmi təhlükəsizlik qaydalarına görə, relsə nəinki toxunmaq, hətta yaxınlaşmaq belə olmaz.
Əgər metroda "yüksək gərginliyin verilməsində fasilə" xəbərini eşidirsinizsə, bu o deməkdir ki, texniki səbəblərdən və ya qəza nəticəsində qatarların hərəkəti üçün lazım olan elektrik enerjisi kəsilib.