"m10 Azərbaycanda qısa zamanda ən sürətlə populyarlaşan elektron pulqabı və mobil ödəniş tətbiqidir. Platforma PashaPay elektron pul təşkilatı tərəfindən idarə olunur və şirkətin 100 faiz payçısı “Kapital Bank”dır. Son illərdə m10-un sürətli böyüməsi və geniş funksionallığı onu bazarın əsas oyunçularından birinə çevirmişdi.
Lakin son günlər bu elektron pulqabı ətrafında ciddi hadisələr baş verdi. m10 müştəriləri öz hesablarında xarici mənşəli merchant-lardan izahı olmayan vəsait axınları olduğunu qeydə alıblar".
Medianews.az xəbər verir ki, bunu informasiya texnologiyaları üzrə mütəxəssis Osman Gündüz son günlər m10 elektron pulqabısı ilə bağlı xaotik durumu şərh edərkən bildirib.
Çox sayda istifadəçinin hesablarında böyük məbləğdə pul görünməyə başladığını bildirən ekspert bu kütləvi vəziyyətə görə hesabların müvəqqəti dondurulduğuna, əməliyyatlara limitlər tətbiq olunduğuna diqqət çəkib:
"PashaPay MMC məsələ ilə bağlı açıqlama verərək, qanunsuz köçürmələrin mövcudluğunu dolayısı ilə təsdiqləyib, istifadəçilərin vəsaitlərinin təhlükəsizliyinin təmin edildiyini və sistemin bərpa edildiyini, həmçinin üzrxahlığını bildirib.
Lakin sosial mediada və mediada aparılan müzakirələr göstərir ki, söhbət milyonlarla manatlıq qanunsuz pul dövriyyəsindən gedə bilər.
Diqqətçəkən məqam isə budur ki, bu, ilk hal deyil. Mərkəzi Bank bundan əvvəl də “PashaPay”ə qarşı çirkli pulların leqallaşdırılması ilə mübarizə, fərdi məlumatların qorunması və nəzarət mexanizmləri üzrə məcburi göstərişlər və inzibati tədbirlər tətbiq edib.
Son hadisə ilə bağlı cinayət işinin başlanması və həbslər barədə məlumatlar yayılsa da, hələlik rəsmi açıqlama yoxdur".
Osman Gündüz baş verənlərin texniki nasazlıqdan daha çox risklərin zəif idarə olunması problemini göstərdiyini vurğulayıb:
"Xatırladaq ki, m10 Binance kriptobirjası ilə inteqrasiya olunmuşdu. Kripto, xarici merchant və elektron pulqabı zənciri isə yüksək riskli sahədir və bu inteqrasiya fonunda vaxtında və yetərli təhlükəsizlik tədbirlərinin görülməməsi ehtimalı kifayət qədər real görünür.
Bu hadisədə diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir. Adətən hər ilin sonu bankın ali rəhbər şəxslərinin bonuslar daxil olmaqla illik milyonlarla əməkhaqqı aldığı bildirilir.
Bu səviyyədə gəlir və imtiyaz varsa, risklərin idarə olunması, nəzarət və məsuliyyət, işin keyfiyyəti də eyni səviyyədə olmalı idi. Təəssüf ki, baş verənlər bunların eyni səviyyədə olmadığını göstərir.
Düşünürəm ki, bu tip hadisələr elektron pulqabılar və fintech platformalarına etimadı azalda, bank sektorunu reputasiya baxımından risk altına sala və ölkə üzrə çirkli pul axınları üçün zəmin yarada bilər.
Ona görə də təhlükəsizlik standartları vahid və məcburi olmalı, banklar isə sahib olduqları fintech platformalarına görə formal yox, ciddi məsuliyyət daşımalıdır.”