Medianews.az
“İşə rəqqasə kimi başlamışam, ayıbdır ee, niyə yalan danışırsınız axı?” -
384 baxış

“İşə rəqqasə kimi başlamışam, ayıbdır ee, niyə yalan danışırsınız axı?” - FOTO+ÖZƏL

“Bəziləri efirdə yalandan deyir ki, Rəşid Behbudovla birgə işləmişik. Heç bəlkə bir dəfə də onu yaxından görməyiblər. Qadın xeylağı bunu deyəndə eybi yoxdur, amma dərd orasıdır ki, bunu kişilər deyir. Ayıbdır! Nəyə lazımdır axı?! Yalandır! Adama gülünc gəlir! Məndən əvvəl İlhamə Quliyeva, Tamara Ağamirova, Eldar Axundov onunla çalışıb. Məni də Rəşid müəllimin yanına Eldar Axundov gətirib. O bir gün dedi ki, Rəşid müəllimə solist lazımdır. Biz də o vaxtlar Eldarla birgə Sumqayıtda Oqtay Kazıminin estrada orkestrinin solisti idik. Mən sizə 69-70-ci illərdən danışıram. Məndən sonra ora Xədicə Abbasova gəlib. Hətta bir dəfə Xədicə məni yolda görüb dedi ki, “hamı mənə deyir ki, sən Ruhəngizə oxşayırsan”. Dedim ki, sən məndən də gözəlsən. Daha sonra Akif İslamzadə, Cavan Zeynallı, Firuzə İbadova, Kəmalə Rəhimli, Almaz Ələsgərli və Səbinə İlyasova Rəşid müəllimlə birlikdə çalışıb”.

Bunu Medianews.az-a açıqlamasında əməkdar artist Ruhəgiz Musəvi deyib.

O daha sonra əlavə edib: “Rəşid müəllim özü filmə çəkilirdi. Bizi də müvəqqəti azad etmişdi. Mən də o ərəfədə həm kinoya çəkildim, həm də filarmoniyaya getdim. Filarmoniyada məni ən birinci rəqqasə kimi işə götürdülər. Bunu ilk dəfədir deyirəm. Xalq artisti Xumar Zülfüqarova ansamblın bədii rəhbəri idi. Qısa zaman ərzində işlədim və gördüm ki, bu mənlik deyil. Sonra yenidən öz müğənnilik sənətimə qayıtdım”.

Ruhəngiz Musəvi bildirib ki, Rəşid Behbudov onu yenidən teatra dəvət etsə də müəyyən səbəblər üzündən getməyib: "1976-cı ildə ailə həyatı qurdum. Üstündən bir müddət keçdi. Bir gün Kamil Vəzirov mənə zəng etdi. O axı ansamblın bədii rəhbəri idi. Dedi ki, "ay Ruhəngiz, gəl yenidən Rəşid Behbudovla birlikdə çalışaq". Onlarda da axı qastrol səfərləri olurdu. Demək olar ki, hər ay qastrola gedirdilər. O vaxt qızımı da götürüb getdim Rəşid müəllimin yanına. Ona dedim ki, qızımı qoyub qastrol səfərlərinə gedə bilmərəm. Sağ olsun, məni başa düşdü. Onun kimi sənətkar, ustad pilləkənlərdən düşüb qədər məni qapıya qədər ötürdü. Görün o necə sadə insan idi. Hər zaman da sevinərək deyirəm ki, o mənim ustadımdır” .

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun