Medianews.az
DİQQƏT: Regionlarda işləyən bu şəxslərə
59 baxış

DİQQƏT: Regionlarda işləyən bu şəxslərə güzəştlər edilə bilər...

Azərbaycanın regionlarında bir sıra sahələr üzrə işçi çatışmazlığı müşahidə olunur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Mövcud vəziyyət rayonlarda işləməyə marağın artırılması üçün yeni təşviq mexanizmlərinin tətbiqini aktuallaşdırıb. Bəs, rayonlarda işləməyə təşviq üçün mütəxəssislərə xüsusi güzəştlər tətbiq olunmalıdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sabiq deputat, siyasi təhlilçi Elşad Mirbəşiroğlu bildirib ki, son illər Azərbaycanın regionlarında genişmiqyaslı infrastruktur quruculuğu həyata keçirilib və şəhərlərlə ucqar rayonlar arasındakı fərq əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb.

Onun sözlərinə görə, dövlət proqramları çərçivəsində regionlarda sosial obyektlər, yol infrastrukturu və kommunikasiya imkanları müasirləşdirilib, genişzolaqlı internetə çıxış genişləndirilib və bu proses hazırda da davam edir. Buna baxmayaraq, bəzi sahələrdə peşəkar kadr çatışmazlığı qalmaqdadır.

“Regionlarda insanların rahat yaşayışı üçün əsas şərait artıq formalaşdırılıb. İndi əsas məsələ hansı bölgədə hansı sahə üzrə mütəxəssisə ehtiyac olduğunu dəqiq müəyyənləşdirməkdir”, – deyə o, qeyd edib.

Siyasi təhlilçi hesab edir ki, regional siyasət daha hədəfli şəkildə qurulmalıdır. Hər bir regionun iqtisadi, sosial və mədəni xüsusiyyətləri nəzərə alınmalı, həmin ərazilərin potensialı düzgün təqdim edilməlidir. Bu, mütəxəssislərin regionlarda könüllü şəkildə işləməyə marağını artıra bilər.

“Yalnız daxili resurslarla kifayətlənmək deyil, zərurət yaranarsa xaricdən də mütəxəssislərin cəlb olunması imkanları nəzərdən keçirilməlidir. Bununla yanaşı, yerli kadrların məşğulluğu prioritet olaraq qalmalıdır”.

E.Mirbəşiroğlu qeyd edib ki, regionlara mütəxəssis axınını artırmaq üçün kompleks təşviq paketinə ehtiyac var. Bu paket aşağıdakı istiqamətləri əhatə edə bilər:

• ucqar rayonlarda çalışanlara daha yüksək əməkhaqqı və əlavə stimullaşdırıcı ödənişlər;

• sahibkarlar üçün aşağı faizli güzəştli kreditlər;

• vergi güzəştləri hesabına biznes yükünün azaldılması;

• mütəxəssislərə xüsusi ipoteka şərtləri və mənzil təminatı;

• regionlara köçən gənc ailələr üçün dövlət proqramlarının genişləndirilməsi.

Ekspertin sözlərinə görə, sahibkarlara yaradılan əlavə imkanlar onların daha yüksək maaş təklif etməsinə şərait yaradar və nəticədə işçi qüvvəsinin regionlara axını güclənər.

“Regionlarda mühüm problemlərdən biri də peşəkar inkişaf imkanlarının məhdud olmasıdır.Mütəxəssislər işlədikləri bölgədə bilik və bacarıqlarını artırmaq üçün mütəmadi təlim və ixtisasartırma proqramları ilə təmin olunmalıdır. Eyni zamanda ali məktəblərdə oxuyan gənclər üçün regionlarda işləməyi təşviq edən xüsusi proqramların hazırlanması uzunmüddətli perspektivdə kadr çatışmazlığının aradan qaldırılmasına kömək edə bilər”.

Ekspert hesab edir ki, dövlət dəstəyi, biznes təşviqləri və sosial təminat mexanizmlərinin paralel tətbiqi nəticəsində regionların əmək bazarında balans yaratmaq və çatışmayan mütəxəssisləri cəlb etmək mümkündür.

Bizə qoşulun