Salyan Rayon Məhkəməsinin sabiq sədri Əsəd Mirzəliyev haqqında sosial şəbəkədə paylaşılan video diqqət çəkib.
Medianews.az-ın xəbərinə görə, o, çıxışında hakim kimi fəaliyyət göstərdiyi dövrdə baxdığı maraqlı məhkəmə işlərindən birini ictimaiyyətlə bölüşüb.
Mirzəliyevin sözlərinə görə, hadisə SSRİ dövründə baş verib və Moskva şəhərində lotereya vasitəsilə udulan “QAZ-24” markalı avtomobillə bağlı olub. O bildirib ki, Salyanda yaşayan bir şəxs qəbuluna gələrək avtomobilin onun adına udulmasına baxmayaraq, xalası oğlu tərəfindən mənimsənildiyini iddia edib.
Keçmiş sədrin danışdığına görə, zərərçəkmiş şəxs Moskvada təhsil alarkən xalası oğlu ilə birlikdə lotereya bileti alıb və nəticədə “QAZ-24” markalı avtomobil udub. Həmin dövrdə bu avtomobilin çox qiymətli hesab edildiyini deyən Mirzəliyev bildirib ki, sənədləşmə zamanı xalası oğlu onun pasportunu saxlayaraq avtomobili öz adına rəsmiləşdirib.
Onun sözlərinə görə, tərəflər arasında mübahisə yaranıb və məsələ məhkəməyə qədər gəlib çıxıb. Şikayətçi müxtəlif qurumlara müraciət etsə də, nəticə əldə edə bilmədiyini deyib və məhkəmədən ədalətli araşdırma aparılmasını istəyib.
Mirzəliyev bildirib ki, iş üzrə geniş araşdırma aparılıb. O dövrdə Moskvanın bir neçə rayonuna və SSRİ-nin müxtəlif bölgələrinə məhkəmə tapşırıqları göndərildiyini, şahidlərin dindirildiyini qeyd edib. Onun sözlərinə görə, ifadələrdə avtomobilin faktiki olaraq şikayətçi tərəfindən udulduğu təsdiqlənib.
Sabiq sədr deyib ki, proses bir neçə gün davam edib və sonda məhkəmə qərarı ilə avtomobil həqiqi sahibinə qaytarılıb.
Əsəd Mirzəliyev çıxışında həmin işi hakimlik fəaliyyətində yadda qalan proseslərdən biri kimi xatırladığını vurğulayıb.
Qeyd edək ki, Əsəd Mirzəliyev 1971–1979-cu illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə Ağdam rayonu Dövlət Notariat Kontorunda başlayıb və 1982-ci ilə qədər burada baş dövlət notariusu vəzifəsində çalışıb.
1982–1985-ci illərdə Xaçmaz Rayon Məhkəməsinin hakimi, 1985–1987-ci illərdə isə Ağsu Rayon Məhkəməsinin hakimi olub. 1987–2000-ci illərdə Salyan Rayon Məhkəməsinin sədri vəzifəsini icra edib.
2000–2020-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib. 2023-cü ildən etibarən isə Azərbaycan Respublikası Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının üzvüdür.
Medianews.az