"Epşteyn qasırğası" artıq ilk qurbanlarını verməyə başladı. Slovakiyada, Norveçdə və digər Avropa ölkələrində istefalar başlayıb. Bunlar hələlik ilk qaranquşlardır və onların sırasında ən diqqətçəkən Britaniyanın ABŞ-dakı keçmiş səfiri Piter Mendelsondur.
Leyboristlər Partiyasında yüksək siyasi nüfuza malik olmuş Mendelson təkcə partiya sıralarından deyil, Lordlar Palatasından da istefa verməyə məcbur oldu. Bundan əlavə də onun barəsində təhqiqat aparılır. Səbəbi heç də onun seks qalmaqalları ilə əlaqəsindən getmir.
Bu, heç ağlabatan da deyil, çünki Mendelson cinsi azlıq nümayəndəsidir və uzun illərdir eyni cinsdən olan şəxsə rəsmi nikahdadır. Mendelsonun Epşteynlə "həssas hökumət məlumatlarını" bölüşməsi və ondan 75 min funt sterlinq alması barədə məlumatlar üzə çıxıb.
Bir daha təsdiq olunur ki, "qlobal uşaqbazlıq" qalmaqalı baş verənlərin yalnız görünən vitrinidir. Onun arxasında isə nəhəng siyasi və kəşfiyyat maraqları dayanır. Başqa cür də ola bilməzdi, çünki nə uşaqbazlıq, nə də zənginlərin digər anormal seksual ehtiyacları yenilik deyil.
Söhbət usaqbazlığı şantaj alətinə çevirərək, ondan siyasi və kəşfiyyat maraqları üçün istifadə olunmasından getməli olduğu halda, aparıcı Qərb mediası diqqəti baş verənlərin elə məhz seksual aspektinə çəkməyə çalışır. Bunun da səbəbini anlamaq çətin deyil.
Əvvəla, ona görə ki, kəşfiyyat maraqları ifadə edən məlumatlar hər zaman qapalı olub və belə də olacaq. İkinci, kəşfiyyat xarakterli məlumatlar birbaşa milli təhlükəsizliyə təsir edir. Üçüncü, kəşfiyyatların fəaliyyəti ilə bağlı siz(dırıl)an məlumatlar ya natamam, ya da daha çox dezinformasiya xarakterli olur.
Yəqin ona görə Epşteyn fayllarını oxuyanda elə təəssürat yaranır ki, sanki CİA, NSA, Mİ-6, BND və s. bu kimi kəşfiyyatlar illər boyu fil qulağında yatıbmış, ABŞ, Böyük Britaniya, Fransa və Almaniya kimi ölkələrin əks-kəşfiyyat qurumları isə hələ də letargiyadadır. Amma belə ola bilməz.
Ona görə ola bilməz ki, istər kəşfiyyat, istərsə də əks-kəşfiyyat sırf siyasət alətləridir, bəzi hallarda isə siyasətin elə özüdür. Həmin səbəbdən də bu gün əksər insanlar üçün iyrənc sürpriz olan Epşteyn qalmaqalı elə ilk gündən kəşfiyyat və əks-kəşfiyyat qurumlarının tam nəzarəti altında olub.
Özü də ən xırda detallarına qədər nəzarət altında olub və bəlkə də elə onların tərəfindən qurulmuş qlobal kəşfiyyat "döyüşü" olub. Əgər belədirsə, o zaman təbii ki, həmin döyüşün uzaq gedən planları və hədəfləri də olub. Çünki kəşfiyyatlar bəzən on illər irəliyə nəzərdə tutulmuş strateji planlar qururlar.
Bu da onların görməli olduqları və gördükləri işdir. Amma burada incə bir mətləb var. Kəşfiyyatlar qərar verən deyil, icra edən qurumlardır və elə ona görə də sual meydana çıxır ki, bəs qərar verənlər kimlərdir? Normalda bu sualın cavabı olduqca sadədir - əlbəttə ki, onların tabe olduqları hakimiyyətlər.
Amma burada da ziddiyyət meydana çıxır: o zaman Epşteyn qalmaqalının qurbanlarının əsasən elə siyasətçilər olmasını necə izah etmək olar? Yoxsa siyasətçilər kütləvi şəkildə intihar etmək qərarı veriblər? Əlbəttə ki, buna yalnız ya sadəlövh, ya da kəmağıllı inana bilər.
O zaman buradan iki versiya meydana çıxır:
1. Bir neçə ölkənin kəşfiyyat qurumu nəzarətdən çıxaraq, artıq qərar vermək imkanı əldə edib və bu da ağlabatan deyil;
2. Geniş imkanlara malik olan hansısa nəhəng şəbəkə (buna "iqtisadi-siyasi konqlomerat" da deyə bilərik) təşəbbüsü ələ alıb.
Ortada heç bir dəlil-sübut olmasa da, ikinci versiya daha inandırıcı görünür. Təbii ki, başqa versiyalar da istisna edilmir, amma bir şeyi artıq indidən deyə bilərik: həqiqətin harada və nədə olması ən azı yaxın iki nəslin nümayəndələri üçün gizli qalacaq. Nəticədən başqa təbii ki.
Çünki istənilən halda bu miqyasda görülən bir işin nəticəsi mütləq üzə çıxmalıdır. Bu da illərdir haqqında danışılan "yeni dünya düzəni" ola bilər. Başqa sözlə, köhnəlmiş, deqradasiyaya uğramış, artıq effektiv olmayan siyasi və iqtisadi münasibətlər sisteminin yenisi ilə əvəzlənməsi.
Qaldı Epşteyn qalmaqalının arxasında gizlənən kəşfiyyat oyunlarına, onların detalları haqda onlarla filmlər çəkiləcək, yüzlərlə romanlar yazılacaq. Amma onların mütləq əksəriyyəti yazıçı təxəyyülünün, ssenarist yaradıcılığının məhsulları və ya kəşfiyyat analitiklərinin uydurmaları olacaq. Çünki dünya belə qurulub.
Ə.Oruclu