Mütəxəssislər bildirir ki, uşaqlarda tez-tez rast gəlinən yuxuda gəzmək (lunatizm) əksər hallarda yeniyetməlik dövründə keçsə də, böyüklərdə ciddi xəstəliklərin əlaməti ola bilər.
Medianews.az xəbər verir ki, bu barədə həkimi Gözde Nezir Eyican danışıb.
O, qeyd edib ki, bu hal dərin yuxu mərhələsində baş verir və insan kənardan ayıq görünsə də, əslində şüursuz vəziyyətdə olur. Onun sözlərinə görə, lunatizm zamanı insan evdə dolaşa və müxtəlif hərəkətlər edə bilər.
Mütəxəssis vurğulayıb ki, bu vəziyyətdə olan şəxsi qəfil oyatmaq düzgün deyil, çünki bu, panika və yönünü itirmə ilə nəticələnə bilər. Ən doğru yanaşma həmin şəxsi sakit şəkildə yenidən yatağa yönləndirməkdir.
Həkim əlavə edib ki, genetik faktorlar da mühüm rol oynayır – valideynlərdə bu problem varsa, uşaqlarda yaranma ehtimalı artır. Diaqnoz üçün polisomnoqrafiya (yuxu testi) tətbiq olunur və bu üsulla digər nevroloji və ya yuxu pozuntularını da müəyyən etmək mümkündür.
Qeyd olunub ki, böyüklərdə lunatizm yuxu apnesi, nevroloji və ya psixoloji problemlərlə əlaqəli ola bilər. Bu səbəbdən belə hallarda mütləq müayinə və müalicə aparılmalı, evdə təhlükəsizlik tədbirləri görülməlidir.
Medianews.az