Tanınmış rəssam Pəri Miniatürla “Qanun “və “Xan” nəşriyyatları arasında əqli mülkiyyət davasının apellyasiya instansiyası da başa çatıb.
Bu barədə “Yeni Sabah”a rəssam Pəri Miniatür məlumat verib.
Onun sözlərinə görə, iclasa yalnız özü qatılıb, qarşı tərəfin vəkilləri isə iştirak etməyib:
“Qarşı tərəf – “Xan” nəşriyyatı apellyasiya şikayəti vermişdi. Onlar mənim “Xan” və “Qanun” nəşriyyatlarına qarşı iddiamı əsassız hesab edirdilər. Lakin Bakı Apellyasiya Məhkəməsi onların şikayətini rədd etdi və əsassız saydı. Mənim iddiam isə qismən təmin olundu”.
P.Miniatür adıçəkilən nəşriyatlardan 10 min manat təzminat tələb edirdi. Lakin o, məhkəmənin nə qədər təzminat kəsdiyini açıqlamayıb: “Əqli mülkiyyəti pozulan şəxs qanunla 55 min manata qədər təzminat tələbi irəli sürə bilər. Amma qarşı tərəf, demək olar ki, bunun çox cüzi bir hissəsini ödəmək istəyirdi. Mən də sual verdim ki, niyə təzminat bu qədər az müəyyən edilib? Hakim bildirdi ki, əsas məsələ onların haqsız olduğunun sübut olunmasıdır və məhkəmə bu məsələdə bizim mövqeyimizi əsaslı sayıb”.
Rəssam bildirib ki, təzminatın artırılması üçün yenidən məhkəməyə müraciət edə bilərlər:
“Təzminat məbləğinin artırılması üçün yenidən hüquqi addımlar ata bilərik. Çünki söhbət təkcə maddi məsələdən getmir. Bu insanlar özlərini ziyalı adlandırırlar, “Xan” nəşriyyatının sahibi Şəmil Sadiqin rəhbərlik etdiyi təhsil müəssisəsində yüzlərlə azərbaycanlı uşaq təhsil alır. Amma mənə qarşı yazılmış təhqiramiz və seksist ifadələrlə dolu məktublar da olub. Mən həmin məktubları da ictimailəşdirmişdim. Mənim açıq şəkillərimi əxlaqsızlıq adlandırırdı. Əgər beləyəmsə niyə mənim əl işləriçi oğurlayırdılar?”.
Pəri Miniatür bu prosesin digərləri üçün də örnək olduğunu bildirib:
“Mən 32 ildən çoxdur miniatür sənəti ilə məşğulam. Azərbaycan miniatürünü UNESCO-ya təqdim etmişəm. Ölkəmiz və sənətimiz üçün az iş görməmişəm. Amma özünü ziyalı adlandıran insanların başqasının əməyini mənimsəməsi, müəllif hüququnu pozması və sonra da bunu normal hal kimi təqdim etməsi məni çox üzür.
Hakim də bildirdi ki, bu cür işlə ilk dəfə qarşılaşırlar. Ona görə də proses bir müddət uzadıldı, məsələ daha ətraflı araşdırıldı. Əslində, iş daha əvvəl yekunlaşmalı idi, amma məhkəmə bu məsələnin mahiyyətini daha dərindən öyrənmək istədi. Azərbaycanda ilk dəfə idi ki, bir sənətçi haqqını tələb edirdi.
Mən hesab edirəm ki, bu proses həm də gənclər üçün bir nümunədir. İnsanlar bilməlidirlər ki, öz hüquqlarını müdafiə etmək mümkündür. Mənə çox adam yazır ki, onların da müəllif hüquqları pozulub. Ümid edirəm, bundan sonra belə hallar azalacaq və heç kim başqasının əməyini icazəsiz götürüb istifadə etməyəcək.
Adını “Qanun” qoyub qanunsuzluq etmək, “Xan” qoyub başqasının haqqına girmək olmaz. Ən azı mədəni davranmaq, hüquqa hörmət etmək lazımdır”.
Xatırladaq ki, Pəri Miniatür “Qanun” və “Xan” nəşriyyatlarını əsərlərindən icazəsiz istifadə etdiyi üçün məhkəməyə vermişdi. Rəssam hər iki nəşriyyatdan 10 min manat məbləğində təzminat tələb edirdi.