Medianews.az
“Nə edirəm o alimenti ki, uşaqlar atasız qalsın, nə var bu pulda?” - Xalq artistindən gənclərə İRAD+
193 baxış

“Nə edirəm o alimenti ki, uşaqlar atasız qalsın, nə var bu pulda?” - Xalq artistindən gənclərə İRAD+ ÖZƏL

“Boşanmaların çoxaldığını tez-tez eşidirəm. Gənclərimiz çox səbirsiz olublar. Bəziləri bunu qadınların çox pul qazanması, evdə dominantlığı əldə etməsi ilə bağlayır. Bunu dəqiq deyə bilmərəm, hərhalda belə deyilir. Mən qadın ola-ola evə həyat yoldaşımdan çox pul gətirərdim. Heç vaxt fəxr etməzdim ki, mən səndən çox qazanıram. Niyə mən onun başına qaxınc etməliyəm?! Yessentukiyə istirahətə gedəcəyimiz günü xatırlayıram.. Hamımız hazırlaşırıq, təlaş içindəyik. Gördüm ki, Valid heç tələsmir. Dedim ki, sən niyə tələsmirsən?! Dedi ki, “Ofa, mən hansı pulla gedim?”. Dedim ki, mən səndən pul istəyirəm?! Sənin pulun yaxud da mənim pulum, fərqi nədir? Biz uşaqlarımız üçün xərcləyirik. Uşaqlarımızı sevindirməyə gedirik. Mən fəxr edirəm atamız da bizimlə gedir. Valid utanırdı ki, onun o qədər də pulu yoxdur, xərcləyə bilməz, biyabır olar. Dedim məndə bir ətək pul var, kimin üçün yığmışam bunları?! Uşaqlarımız üçün yığmışam da... O qalsaydı, mən getsəydim bu mənim üçün istirahət sayılmazdı. Nigaran qalardım.. Dedim ki, Valid, sən getmirsənsə, mən də getmirəm. Qoy uşaqlar havasını dəyişməsin. Elə bu sözü demişdim ki, Valid ayağa qalxdı və “gedirəm” dedi. O anda uşaqların gözündəki xoşbəxtliyi sizə izah edə bilmərəm”

Bunu Medianews.az-a açıqlamasında Xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib.

 

O daha sonra bəzi məşhurların “qadınlar alimentə görə boşanır” sözləri ilə razılaşmadığını bildirir:

“Boşanmalar müxtəlif səbəblərdən ola bilər. Nə edirəm o alimenti ki, uşaqlar atasız qalsın?! Gözləri intizarda qalsın! Bu səkidə uşaqlar atası ilə gəzəndə, o biri səkidə uşaqlar ata həsrəti çəksin?! Alimentdə nə var ki, ona görə boşanırlar?! O pulla dövlətli olurlar?! Mən elə qadınları qətiyyən alqışlamıram. Bu aliment məsələsi deyil. Demək ki, onların fikrində başqa şeylər var. Ata və ana boşanandan sonra ən böyük ağrını uşaqlar çəkir. Niyə uşaqlar baxa-baxa qalsın ki, xalxın atası var, bizim atamız yoxdur?! Niyə görə? Boşanandan sonra uşaqları ataya qarşı öyrədirlər. O qadınlar nə qədər səhv etdiklərini bilmirlər. Uşağı ataya qarşı öyrətmək olmaz. Ana və ata özü bilər, aralarındakı problemi özləri necə həll edirlərsə bunun uşaqlara aidiyyatı yoxdur”.

Əli Əsgər
Medianews.az


Bizə qoşulun