Bu həftədən Ramazan ayı başlanır. Bu il Ramazan yaz fəsli ərəfəsinə təsadüf edir. Novruz çərşənbələrinin hamısı orucluq ayına düşür.
Yaz ərəfəsi, Novruz çərşənbələri dövrü oruc tutan insanlar imsak və iftar saatlarında sağlam və balanslı qidalanmaq üçün nələrə diqqət yetirməlidirlər? İmsak və iftar zamanı Novruz şirniyyatlarından istifadəni artırmaq, yoxsa azaltmaq daha yaxşıdır? Şəkərli və qazlı içkilərin qəbulu oruc tutanların orqanizmə necə təsir edir? İdmanla məşğul olan şəxslər üçün məxsusi tövsiyələr varmı? Oruc müddətində vitamin və mineral çatışmazlığının qarşısını almaq üçün hansı qidalar rasiona əlavə edilməlidir?
Medianews.az bu suallarla diyetoloq Dürrə İsmayılovaya müraciət edib.

Diyetoloq vurğulayıb ki, ümumiyyətlə Ramazan ayında qidalanma zamanı sağlamlığa xüsusi diqqət yetirilməlidir: “Qazlı və şirin içkilər, hətta kompotların istifadəsi ciddi şəkildə məhdudlaşdırılmalıdır. Ən yaxşı nəticə üçün imsakdan əvvəl cəfərini limonla qarışdırıb içmək, sonra isə ilıq su qəbul etmək lazımdır.
İmsak zamanı qidalanmaya diqqət etmək vacibdir: gün boyu maye qəbul edilməyəcəyi üçün həzmə kömək edəcək qidalar seçilməlidir.
İftarda isə ilk bir saat ərzində yalnız maye qəbul etmək məsləhət görülür. Daha sonra xörəklə birlikdə mütləq salat yemək tövsiyə olunur. Fərq etməz, salatın tərkibində kələm, kök, cəfəri ola, üzərinə bol zeytun yağı əlavə edilə bilər.
Novruz bayramına xas şirniyyatlar həm imsakda, həm də iftarda qəbul edilə bilər, amma əsas yemək kimi yox, desert, əlavə qida kimi”.
Diyetoloq oruc tutanların menyüsündə xüsusilə yaşıl borşların və bişmiş ətlərin, həmçinin balıq və toyuğun üstünlük təşkil etməsini tövsiyə edir: “Dükanlardan alınan hazır məhsullardan isə az istifadə olunmalıdır. İdmanla məşğul olan şəxslər də bu qidalanma rejimini ən azı bir ay boyunca rahatlıqla tətbiq edə bilərlər”.
Nailə Qasımova,
Medianews.az