Medianews.az
Ölümü ilə bağlı ŞOK İDDİALAR yayıldı, qətlinin sifarişçisi 13 il sonra tapıldı -
103 baxış

Ölümü ilə bağlı ŞOK İDDİALAR yayıldı, qətlinin sifarişçisi 13 il sonra tapıldı - Vüsal Şilder kim idi?

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən 13 il əvvəl beynəlxalq axtarışa verilən Əlizadə Xəyal Məzahir oğlu aprelin 10-da Azərbaycana ekstradisiya olunub

Belə ki, 2013-cü ildə qabaqcadan cinayət əlaqəsinə girərək əlbir olduğu qrupda xarici vətəndaş olan Vüsal Şilderin qəsdən öldürülməsinə nail olmaq üçün külli miqdarda pul vəd edərək onun qətlini sifariş etmiş və sonda qətlin icraçısı Elman İsgəndərov vasitəsilə V.Şilderin bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirilərək onun qəsdən həyatdan məhrum edilməsində (Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri) ittiham edilən Azərbaycan vətəndaşı X.Əlizadənin yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub, o, həbs edilib və ölkəyə gətirilib. 

Bununla da, 13 il əvvəl Bakıda baş verən və uzun müddət ölkə gündəmindən düşməyən səs-küylü qətl hadisəsi yenidən diqqət mərkəzinə gəlib.

X.Əlizadənin Azərbaycana ekstradisiyası illər öncəki qanlı hadisənin detallarını yenidən gündəmə daşıyıb. Bu hadisə təkcə bir qətl işi kimi deyil, həm də adı illərdir müxtəlif müzakirələrdə hallanan Vüsal Şilderin taleyi baxımından yenidən maraq doğurub.

Bəs zamanında geniş rezonans yaradan Vüsal Şilder kim idi?

Medianews.az “Yeni Sabah”-a istinadla xəbər verir ki, 2013-cü il mayın 2-də paytaxtın Ə.Rəcəbli küçəsində bıçaqlanan Vüsal Şilder aldığı iki bıçaq xəsarəti nəticəsində xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 18-ci Polis Bölməsi və Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Elman İsgəndərov və Seymur Talıbov saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman İsgəndərov 15 il, Seymur Talıbov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Baş Prokurorluğun protesti əsasında Seymur Talıbov barəsində yeni qərar qəbul olunub və cəzası başa çatdığı üçün onun yenidən axtarışa verilməsi barədə qərar çıxarılıb.

Bundan başqa, 2014-cü ildə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə Vüsal Şilderin ölümündən əvvəl ona planlı şəkildə avtomobil qəzası təşkil etməkdə və üzərinə narkotik vasitə atmaqda təqsirləndirilən sabiq polis mayoru İlham Məmmədov 6 il 6 ay, Qurban Novruzov 6 il 6 ay, türkiyəli iş adamı Yaşar Sunar 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Kənan Babayevə isə 4 il şərti cəza təyin edilib.

Vüsal Şilderin həyatı ilə bağlı bəzi məqamlar da uzun müddət medianın diqqətində olub. Almaniya vətəndaşı olan 23 yaşlı Şilder Vüsal Adolf oğlu əslən azərbaycanlıdır. Məlumata görə, o, Almaniya vətəndaşı olan kişi ilə Azərbaycan vətəndaşı olan qadının ailəsində böyüyüb. Onun atası Adolf Şilder bir dövr “Mercedes Benz”in Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb. Vüsal isə Qərb Universitetinin ikinci kurs tələbəsi olub. Mətbuatda onun ölümü təkcə qətl faktı kimi deyil, həm də ailəsinin tanınmışlığı, xarici vətəndaş olması və hadisənin ətrafında dolaşan çoxsaylı iddialar səbəbindən geniş rezonans doğurub.

İş üzrə maraqlı məqamlardan biri də Vüsal Şilderin ölümündən əvvəl ona qarşı planlı şəkildə avtomobil qəzası təşkil olunması və üzərinə narkotik vasitə atılması ilə bağlı açılmış ayrıca cinayət işi olub.

Mətbuatda gedən materiallarda Vüsal Şilderin ölümü ətrafında çoxsaylı başqa iddialar da yer alıb. Xüsusilə onun anası Mətanət Şilderin mediaya açıqlamalarında oğlunun bir müddət izlənildiyi, əvvəlcə avtomobil qəzası ilə zərərsizləşdirilməyə çalışıldığı, daha sonra isə qətlin baş verdiyi iddia olunub. Həmin açıqlamalarda Vüsalın şəxsi münasibətləri, ona qarşı təzyiqlər, bəzi şəxslərin adlarının hallanması və ailənin istintaqın gedişindən narazılığı kimi ağır ittihamlar səsləndirilib.

Vüsalın anası Mətanət Şilder müsahibələrində açıq şəkildə bildirib ki, oğlu Azərbaycan Prezidentinin keçmiş köməkçisi Tariyel Ağayevin qızı Lalə Ağayeva ilə münasibətdə olub və qətlin əsas səbəbi də məhz bu münasibət idi. Onun sözlərinə görə, ailə bu evliliyə razı olmayıb, Vüsala dəfələrlə xəbərdarlıq edilib, təhdidlər olub, hətta onu gözdən salmaq üçün əvvəlcə maşınına narkotik atılması və başqa qurğular hazırlanıb. Ana həmçinin iddia edib ki, Lalə sonradan Vüsalla yenidən əlaqə saxlayıb, ondan ayrılmağa məcbur edildiyini deyib.

Vüsalın anasının sözlərinə görə, sonradan Lalə başqa biri ilə evləndirilib, amma bundan sonra da Vüsalla əlaqə saxlayıb. İddialara görə, Lalə Vüsala “peşmanam, səni unuda bilmirəm” deyib, daha sonra gizli görüşlər olub. Hətta onun iddiasında Lalənin biləklərini kəsib şəklini Vüsala göndərdiyi və “məni meydanda tək qoyma, yoxsa özümü öldürəcəyəm” dediyi də yer alır.

Bizə qoşulun