Medianews.az
Azərbaycan-Hindistan münasibətləri düzəlir?
95 baxış

Azərbaycan-Hindistan münasibətləri düzəlir?

İki qonşumuz – Rusiya və İranın müharibə vəziyyətində olması Cənubi Qafqaz bölgəsi, o cümlədən Azərbaycan üçün müəyyən risklər yaradıb.

Halbuki Azərbaycan yaxın və uzaq ölkələrlə münasibətərdə gərginliklərin azaldılmasının tərəfdarıdır. Misal üçün, Azərbaycan-Fransa və Azərbaycan-Hindistan münasibətlərində normallaşma meylləri hiss olunur.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Hindistan arasındakı münasibətlərədə sualların sayı artmışdı. Hindistanın Ermənistana silah satması Azərbaycanda narahatlıq yaratmışdı. Yeni Dehli isə Azərbaycanın Pakistanla strateji tərəfdaşlığı üst səviyyəyə qaldırmaqdan narahat idi. Halbuki Azərbaycan-Pakistan strateji tərəfdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib. Bu mənada İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Pakistan arasında təmasların artmasından Azərbaycan narahat deyil.

Bakı və Yeni Dehli aradakı fikir ayrılıqlarını ortadan qaldırmağa həvəslidir. ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra digər ölkələrin vətəndaşları kimi Hindistan vətəndaşlarının da bir qismi İrandan ölkələrinə Azərbaycan üzərindən təxliyə ediliblər. Martın 30-dək İrandan 196 Hindistan vətəndaşı Azərbaycana təxliyə olunub. Hindistanın Bakıdakı səfirliyi İrandan Hindistan vətəndaşlarının təxliyəsində göstərilən köməyə görə Azərbaycana təşəkkürünü bildirən açıqlama yayıb. Bu açıqlamadan bir neçə gün sonra Hindistandan rəsmi heyət Bakıya gəlib.

Aprelin 3-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycanla Hindistan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticarət əlaqələri, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlər barədə mövqelər diqqətə çatdırılıb, bu istiqamətdə dialoqun əhəmiyyəti vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İki ölkə arasında bu cür təmasların artacağını proqnozlaşdırmaq olar.

Azərbaycan heç bir ölkə ilə münasibətlərdə gərginlik istəmir. Önəmli olan münasibətlərdə qarşılıqlı hörmətə əsaslanmaqdır. Məsələn, Fransa İkinci Qarabağ müharibəsində Ermənistanı dəstəklədi, Fransa rəsmiləri və deputatları Azərbaycan əleyhinə açıqlamalar verdilər. Bundan sonra iki ölkə arasında münasibətlər gərginləşdi. Halbuki buna qədər münasibətlər normal idi.

Hazırda Paris Cənubi Qafqaz siyasətini korrektə etməyə, Azərbaycanla münasibətləri yenidən normallaşdırmağa çalışır. Bu, Azərbaycanın da maraqlarına cavab verir. Azərbaycan eləcə də Hindistanla əlaqələrin əvvəlki axarına qaytarılmasında maraqlıdır. Hər iki ölkənin Qoşulmayanlar Hərəkatının üzvü olduğu da nəzərə alınmalıdır. Digər tərəfdən Azərbaycandan keçən nəqliyyat yolları Yeni Dehlinin də maraq dairəsindədir.

Elxan Şahinoğlu,
politoloq

Bizə qoşulun