Medianews.az
Tanınmış aktyora qarşı dələduzluq:
317 baxış

Tanınmış aktyora qarşı dələduzluq: “200 min ziyana düşdüm, borc-xərc etdim” - FOTO + ÖZƏL

“Azərbaycan səhnəsində şanslı və şanssız aktyorlar var. Elə aktyor var ki, istedadlıdır, amma illərdir qalıb kənarda. Amma mən özümü şanslı aktyor hesab edirəm. Teatrda yeni-yeni çalışırdım. O vaxt məşhur “Karvan” qrupu var idi. Onların klipində çəkildim. Bu o vaxt ilk dəfə çəkilən kliplərdən biri idi. Klip qısa zaman ərzində məşhurlaşdı. O vaxtı da bir kanal var idi. Onun ardınca “Yarımştat” televiziya tamaşasına çəkildim. Bu tamaşa mənə çox böyük uğur gətirdi. Bu yaxınlarda “Yarımştat”-ın 30 illiyi qeyd olundu. Afaq Bəşirqızı, Naibə Allahverdiyeva və mən həmin ekran əsərindən sağ qalan yeganə şəxslərik. Allah o aktyorların hər birinə rəhmət etsin. Aktyor özbaşına heç nə edə bilməz. Bizim işimiz rejissorlardan asılıdır. Elə bir dəfə çəkdilər, bitdi, onunla olmur axı. Davamlı olaraq rollara dəvət gəlməlidir ki, aktyor yaxşı işlərlə gündəmdə qala bilsin”.

Bunu Medianews.az-a açıqlamasında tanınmış aktyor Natiq Fərzəliyev deyib.

O daha sonra illər əvvəl dələduzluğa düçar olduğunu bildirib:  “Şanssız tərəfim isə şəxsi həyatımda olub. O vaxt bina tikirdilər, 1993-cü il idi. Düşündüm ki, yeni ailə həyatı qurmuşam, ev alım. Borc-xərc etdim, qohum-qardaşdan pul alıb verdim. Nə qədər borca düşdüm, amma dələduzluqla üzləşdim. Ev əlimdən çıxdı. Sonra torpaq almaq istədim, pulum batdı, aldatdılar. Şəxsi həyatımda ancaq evlə bağlı problemlərim olub. Mən insanlara tez inanıram. Buna görə də başım bəlalar çəkib. Uzun illər buna görə kirayələrdə qalmışam. Sonra qaynanam öz evini satıb iki ev aldı. Birini bizə verdi. Dedi ki, qızımın ailəsidir. İndi Yasamalda, həyət evində oluram. Oğlumu da evləndirmək istəyirəm, amma ev yoxdur ki, ailə həyatı qursun. İki otaqlı evdə yaşayıram. Yenidən evlərlə maraqlanmaq istəyirəm, amma qorxuram. Başım axı bu mövzuda çox çəkib. Təxminən o vaxtın pulu ilə 200 min manat ziyana düşdüm. İndi həmin bina Yeni Yasamalda ucaldılıb”. 

Əli ƏSGƏR 

Medianews.az

Bizə qoşulun