Medianews.az
Putin haradadır?
143 baxış

Putin haradadır?

İyunun 18-nə keçən gecə və iyunun 18-i səhər Rusiya paytaxtı Moskvaya son iki ilin ən kütləvi dron hücumu edilib. Yaşayış binası, ticarət mərkəzi və neft zavodlarına ziyan dəyib. Moskvanın hava limanlarında 260-dan çox uçuş təxirə salınıb və ya ləğv olunub. Moskva rəsmiləri paytaxta yaxınlaşan 200-ə yaxın PUA-nın vurulduğunu iddia edir.

Medianews.az bildirir ki, bu hadisə Rusiya prezidenti Vladimir Putinin son yeddi ayda ilk dəfə Moskva və Sankt-Peterburqdan kənara çıxdığı bir vaxtda baş verib.

Vladimir Putin iyunun 17-də Kazana iki günlük səfərə gedib. Kazanda Rusiya–ASEAN sammiti keçirilir. Putinin bu sammitə gedişi onun həm də son yeddi ayda regionlara ilk rəsmi səfəridir.

Putinin bundan əvvəlki regional səfəri 2025-ci ilin noyabrında Samara şəhərinə olub.

Ümumiyyətlə son yarım ildə Rusiya prezidenti ölkə daxilində səfərlərini kəskin azaldıb. O, 2026-cı ilin yanvar-may aylarında Moskvanı cəmi iki dəfə tərk edib və hər ikisində də Sankt-Peterburqa gedib. Müqayisə üçün deyək ki, Putin 2025-ci ilin eyni dövründə regionlara 8, 2024-cü ildə 14, 2019-cu ildə isə 17 səfər etmişdi.

Güman olunur ki, Putinin ölkə daxilində səfərlərdən yayınmasının əsas səbəbi təhlükəsizlik məsələləridir.

Putin Kazana səfəri zamanı küçədə insanlarla görüşüb. Jurnalistlərin fikrincə, Rusiya lideri çətin dövrlərdə tez-tez belə addımlara əl atır. Bu dəfə onun ictimaiyyət arasına çıxması reytinqinin aşağı düşdüyü və Ukrayna cəbhəsində problemlərin yaşandığı bir vaxta təsadüf edib.

Prezidentin ətrafında çoxsaylı mühafizəçilər və kamuflyajlı silahlı şəxslər olub.

May ayında bir sıra nəşrlər Avropa ölkələrindən birinin kəşfiyyat hesabatına istinadla yazmışdı ki, mümkün sui-qəsd təhlükəsindən ehtiyatlanan Putin üçün təhlükəsizlik tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilib. Həmin məlumatlara görə, Rusiya prezidenti günlərlə modernləşdirilmiş bunkerlərdə olur.

Medianews.az

Bizə qoşulun