Medianews.az
“Qarabağ” və Elvin Cəfərquliyev ətrafında baş verənlər
96 baxış

“Qarabağ” və Elvin Cəfərquliyev ətrafında baş verənlər

Bu il “Qarabağ” futbol klubunun yerli liqada uğursuz çıxışı, məncə, olduqca təbii qarşılanmalıdır. Ümumiyyətlə, bir klub mütləq hər il çempion olmalıdır deyə bir qayda yoxdur.

Əksinə, uzun müddət sonra liqaya rəqabət gəlməsi azarkeşləri yalnız sevindirə bilər. “Qarabağ”-“Sabah” oyunlarında stadiona çox sayda azarkeşin gəlməsi də bir daha sübut edir ki, günah azarkeşdə deyil.

Rəqabət olan yerdə azarkeş həmişə var. Futbolun başbilənləri liqada rəqabət yaratmalıdırlar. Bu olduğu halda izləyici də olacaq. Bu da uzun müddətdir "Azərbaycanda azarkeş yoxdur" deyənlərin mifini boşa çıxarır.

“Sabah”ı çempionluq münasibətilə təbrik edib ona Çempionlar Liqasında uğurlar arzulamaq olar. “Qarabağ” isə kuboka fokus olub, gələn il ən azından Avropa Liqasında çıxış etməlidir.

Qurban Qurbanovun komandası bu il bizə inanılmazı, hətta mümkünsüzü yaşadıb. Ən azından bu il komanda istənilən ssenaridə ən xoş sözlərə layiqdir. Builki çıxış da artıq Qurbanovun komandası üçün növbəti illərə kreditdir. Hələ komanda daha bir mövsüm toparlana da bilər.

Elvin Cəfərquliyev məsələsi isə hələ də aydın deyil. Qurbanovun nizam-intizamını bilirik. Elvinin də çılğın və "dəcəl" olduğunu. Bu mənada Qurban Qurbanovun Elvin Cəfərquliyevi cəzalandırması normaldır. Amma bu da elə səviyyədə olmalıdır ki, oyunçu klubdan inciməsin.

Elvin Cəfərquliyev son illərdə Azərbaycanın ən uğurlu futbolçusudur və ötən mövsüm bütün emosiyalarını basdırıb komandaya çox fayda verdi. Bu kriz elə idarə olunmalıdır ki, oyunçu itirilməsin. Meydandan kənarda şəxsi həyatı öz işidir və buna heç kim qarışa, qaydalar qoya bilməz (Bilmirəm, amma iddialar belədir).

Fərid Pərdəşünas,
bloqçu

Bizə qoşulun