Medianews.az
Sülh sazişi Ermənistandakı seçkidən qabaq imzalana bilərmi?
118 baxış

Sülh sazişi Ermənistandakı seçkidən qabaq imzalana bilərmi?

Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair sazişin haçan imzalanacağı bilinmir. İki ölkənin xarici işlər nazirləri saziş layihəsini 2025-ci il avqustun 8-i Vaşinqtonda paraflayıblar. Azərbaycan imza üçün Ermənistan Konstitusiyasının yenilənməsi şərtini qoyur.

Bəzi ekspertlər sülh sazişinin Ermənistan Konstitusiyası yenilənənə qədər imzalanmasını, onun parlamentdə təsdiqlənməsini sonraya saxlamağı təklif edir.

Azərbaycanla Ermənistan arasında sülh sazişi Ermənistanda konstitusiya dəyişənə qədər də imzalana bilərmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib:

“Ötən il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsinin paraflanmasından sonra gözləntilər ondan ibarət idi ki, sənəd tezliklə, yəni Ermənistanda parlament seçkiləri keçirilməzdən və daha sonra konstitusiya referendumu təşkil olunmazdan əvvəl imzalana bilər. Şəxsən mən də istərdim ki, belə olsun. Çünki konstitusiya referendumundan qabaq Ermənistanda parlament seçkiləri keçirilməlidir. Həmin seçkilərin Rusiyanın təzyiqi və təsiri altında olacağı ehtimalı güclüdür. Rusiyayönlü bütün müxalif qüvvələr Paşinyan hakimiyyətinə qarşıdır. Eyni zamanda revanşist qüvvələr, daşnaklar birləşirlər. Güman ki, onlar parlament seçkilərində təxribat törətməklə və ya başqa yollarla Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Paşinyanın hakimiyyətdən getməsi isə perspektivdə Ermənistanda planlaşdırılan konstitusiya dəyişikliyinə mane ola bilər. Əlbəttə, bu, sadəcə ehtimaldır. Revanşistlərin hakimiyyəti ələ almaq cəhdinin puça çıxacağı ehtimalı da öz yerində qalır. Nikol Paşinyan hazırda rəqiblərindən daha nüfuzlu və güclü görünür. Amma nəzərə almaq lazımdır ki, Rusiya ilə münasibətlərdə gərginlik Ermənistana təzyiqi xeyli artıra bilər”.

İ.İsmayılın fikrincə, sülh müqaviləsi Ermənistandakı seçkilərə qədər imzalansa, istər kənar, istərsə də daxili qüvvələr prosesə ciddi təsir göstərə bilməyəcək: “Ən əsası isə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mümkündür. Sərhədlər açılandan sonra Ermənistanın Rusiyadan iqtisadi asılılığı tam aradan qalxmasa da, minimuma enə bilər. Çünki Ermənistanı Rusiyaya bağlayan əsas yol Lars keçididir. Rusiya istədiyi vaxt həmin yolu bağlayaraq daxildəki qüvvələrin narazılığını artıra bilər.

Hər halda, Azərbaycanın səlahiyyətli qurumları daha geniş informasiyaya malikdir və prosesin necə idarə olunacağını ölçüb-biçirlər. Ölkə rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsi mütləq Ermənistanda konstitusiya dəyişikliyindən sonra imzalanmalıdır, deməli, daha tutarlı məlumatlar, daha real perspektiv əsas götürülüb. Başlıcası odur ki, istənilən halda Azərbaycanın maraqları hər şeydən üstün tutulsun”.

1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə təcavüzə çevrilib.

1989-cu il dekabrın 1-də Ermənistan parlamentinin və Dağlıq Qarabağ Milli Şurası adlı qondarma qurumun birgə iclasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərarı çıxarılıb.

1990-cı il avqustun 23-də Ermənistan parlamenti müstəqillik bəyannaməsi qəbul edib. Bəyannamədə 1 dekabr 1989-cu il qərarına da istinad olunub, yəni dolayısı ilə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi tanınıb.

1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, sentyabrın 21-də isə Ermənistanda müstəqillik referendumu keçirilib, ardınca hərbi təcavüz sürətlənib, 1994-cü ilin mayına qədər Azərbaycanın altıda biri işğal olunub.

5 iyul 1995-ci ilin referendumunda Ermənistan Konstitusiyası qəbul olunub. 27 noyabr 2005-ci il və 6 dekabr 2015-ci ilin referendumlarında yenilənən konstitusiyanın preambulasında 23 avqust 1990-cı il bəyannaməsinə istinad var. Azərbaycan bunu əsas götürərək Ermənistan Konstitusiyasının yenilənməsi tələbi qoyur.

1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbi və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğal altına düşüb.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.

2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.

2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.

Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun