Medianews.az
Üç şahmatçımız yarımfinala
86 baxış

Üç şahmatçımız yarımfinala yüksəldi

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ikinci partiyaları keçirilib.

Azərbaycan Şahmat Federasiyasından Medianews.az-a verilən məlumata görə, yarışın reytinq favoriti Şəhriyar Məmmədyarov cavab görüşündə Əhməd Əhmədzadə ilə heç-heçə oynayıb. İki partiyanın yekun nəticəsinə əsasən, 1,5:0,5 hesabı ilə qalib gələn Ş.Məmmədyarov yarımfinala vəsiqə qazanıb.

Qadınların yarışında Ülviyyə Fətəliyeva hər iki partiyada qalib gəldiyi Səbinə İbrahimovanı turnirdən kənarlaşdırıb. 2:0 hesablı qələbə sayəsində Ülviyyə Fətəliyeva yarımfinalda mübarizə aparmaq imkanı əldə edib. Azərbaycan çempionatının ötənilki qalibi Günay Məmmədzadə hər iki partiyada Ayan Allahverdiyevaya məğlub olaraq yarışı tərk edib.

Read Səmədov-Rauf Məmmədov, Eltac Səfərli-Məhəmməd Muradlı, Nicat Abasov-Aydın Süleymanlı görüşlərində qalib müəyyənləşməyib. Nərmin Abdinova-Türkan Məmmədyarova və Gülnar Məmmədova-Xanım Balacayeva duellərində də heç-heçə qeydə alınıb. Bu cütlüklərdə növbəti mərhələyə vəsiqənin taleyi sabah keçiriləcək tay-brekdə məlum olacaq.

Beləliklə, hazırda 3 şahmatçı – Şəhriyar Məmmədyarov, Ülviyyə Fətəliyeva və Ayan Allahverdiyeva adını ölkə çempionatının yarımfinalına yazdırıb.

Bizə qoşulun