Müasir yeniyetmələr elə bir dünyada yaşayırlar ki, burada qiymətlərdən tutmuş harada olduqlarına və paylaşdıqları hər bir fotoya qədər hər şey valideynlərə, dostlara və hətta bütün dünyaya anında məlum ola bilər. Valideynlər, şübhəsiz ki, övladlarını qorumaq istəyirlər, lakin həddindən artıq nəzarət yeniyetmələr üçün stress və narahatlıq mənbəyinə çevrilə bilər. Uşaqlara müstəqillik verin daimi nəzarət yeniyetmələrə niyə zərər verir
Lent.az xarici mediaya istinadla xəbər verir ki, cəmi 20-30 il əvvəl yeniyetmələrin həyatı tamamilə fərqli olub. Jurnaldakı zəif qiyməti valideynlər yalnız altı həftədən bir öyrənirdilər və xırda səhvlər çox vaxt diqqətdən kənarda qalıb. Sosial həyat da şəxsi olub: əgər dostunuz valideynlərə zəng etmirdisə, sizin stadionda olduğunuzu, yoxsa mağazada çips aldığınızı heç kim bilmirdi. Bu gün isə hər şey fərqlidir. Rəqəmsal gündəliklər yeniyetmələri daim müşahidə olunan bir auditoriyaya çevirib. Bu, alimlərin “geri əlaqə dövrü” adlandırdığı psixoloji effekt yaradır. İnsan izlənildiyini hiss etdikcə özünüqiymətləndirmə və özünə nəzarət artır, lakin eyni zamanda narahatlıq da güclənir.
Sosial narahatlıq
Amerikalı sosioloq Çarlz Kuli hələ 1864-cü ildə “looking-glass self”, yəni “güzgü mən” nəzəriyyəsini irəli sürmüşdü. Onun mahiyyəti sadədir: biz özümüz haqda təsəvvürü başqalarının bizi necə qəbul etdiyini düşündüyümüzə əsasən formalaşdırırıq. Əvvəlcə özümüzü başqasının gözündə necə göründüyümüzü təsəvvür edirik. Sonra onun bizi necə qiymətləndirəcəyini düşünürük. Nəticədə qürur, utanc və ya narahatlıq hiss edirik.
Bu gün yeniyetmələr üçün bu o deməkdir ki, onlar evdən çıxanda, ev tapşırığını yerinə yetirəndə və ya sadəcə foto paylaşanda eyni anda “başqaları məni necə qiymətləndirəcək” oyununun içində olurlar. Yeniyetmələr təkcə yüngül həyəcan keçirmir, onlar daimi özünü müşahidə vəziyyətində yaşayırlar.
Sosial şəbəkələr və rəqəmsal gündəliklər
Snapchat Maps funksiyası dostlara yeniyetmənin harada olduğunu real vaxt rejimində görməyə imkan verir. Əvvəlcə bu maraqlı görünürdü, lakin bir çoxları üçün təzyiq mənbəyinə çevrildi: “Niyə mən evdəyəm, hamı isə əyləncədədir?"
Rəqəmsal gündəliklər və qiymətləndirmə sistemləri valideynlərə hər yeni qiymət və ya buraxılmış tapşırıq barədə dərhal bildiriş göndərir. Yeniyetmələr uğursuzluqlarının “canlı yayımda” görüldüyünü hiss edir və bu da narahatlığı və özünütənqidi artırır. Bütün bunlar insanın daim “səhnədə” olduğu və dəyərinin yalnız onlayn dünyada necə göründüyü ilə ölçüldüyü hissini formalaşdırır.
Azadlıq üçün məkan
Valideynlər yeniyetmələrə müstəqil inkişaf üçün daha çox məkan verməlidirlər. Sadə bir nümunə: velosiped sürməyi öyrənmək. Atanın sükanı tutduğu anı yox, onu buraxdığı günü xatırlayırıq. Uşağı müstəqilliyə öyrətmək, eyni zamanda dəstəyi qorumaq mümkündür:
Qiymətləri vaxtaşırı yoxlamaq, amma real vaxt rejimində izləməmək. Tətbiqlərdə məkanın açıq olmasının narahatlığa necə təsir etdiyini müzakirə etmək. Valideyn sevgisi və dəstəyinin qiymətlərdən və sosial şəbəkə paylaşımlarından asılı olmadığını xatırlatmaq. Unutmayın ki, valideynin diqqəti və sevgisi uşaq üçün ən vacib amildir. Lakin daimi nəzarət onların özünə inamını sarsıda və narahatlıq yarada bilər. Bəzən ən yaxşı hədiyyə balaca əli buraxmaq və uşağa dünyanı özü kəşf etməyə imkan verməkdir.