Məşhur isveçrəli mütəxəssis Lüsyen Favr 68 yaşında məşqçilik karyerasını başa vurduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Blick" nəşri məlumat yayıb.
Favrın son iş yeri 2022-2023-cü illərdə çalışdırdığı “Nitsa” klubu olub. O, bundan əvvəl də 2016-2018-ci illərdə Fransa təmsilçisini çalışdırıb.
Favr daha çox 2011-2015-ci illərdə “Borussiya” (Mönhenqladbax) və 2018-2020-ci illərdə “Borussiya” (Dortmund) klublarındakı işi ilə tanınır. Bundan başqa, o, İsveçrədə “Eşalen”, “İverdon”, “Servett”, “Sürix”, Almaniyada isə “Herta”nı (Berlin) çalışdırıb.
“Borussiya” ilə Favr 2019-cu ildə Almaniya Superkubokunu qazanıb. “Sürix”i 2006 və 2007-ci illərdə İsveçrə çempionluğuna aparıb, “Servett”lə isə 2001-ci ildə İsveçrə Kubokunun qalibi olub. Futbolçu karyerası ərzində İsveçrə millisində 24 oyun keçirib və 1 qol vurub.