PSJ klubu baş məşqçi Luis Enrikeyə ömürlük müqavilə təklif etməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.
Luis Enrike ötən həftə “Flamenqo”ya qarşı qazanılan qitələrarası kubokdan sonra Paris klubunun tarixində xüsusi yer tutub. Həmin qələbə ilə Fransa nəhəngi bu il altı titul (sikstubl) qazanıb.
Debüt mövsümü o qədər də parlaq alınmasa da, Enrike 2024/25 mövsümündə komandanın səviyyəsini xeyli yüksəldib. Ən böyük uğur isə PSJ tarixində ilk dəfə Çempionlar Liqasını qazanması olub. Bu nəticə Fransa paytaxtı klubunda yeni eranın başlanğıcı kimi qiymətləndirilir. PSJ gənc və istedadlı futbolçulardan ibarət heyətlə Avropada güclü bir qüvvəyə çevrilib.
Parislilər “Barselona”nın sabiq çalışdırıcısı ilə uzunmüddətli əməkdaşlığı davam etdirmək niyyətindədir. Bu mövsüm bəzi zədə problemlərinə baxmayaraq, PSJ yenə də Çempionlar Liqasının əsas iddiaçılarından biri hesab olunur.
Qeyd edək ki, ispaniyalı mütəxəssisin hazırkı sözləşməsi 2027-ci ilin iyununda başa çatır.