Lonqo 1989-cu ildən etibarən uzunömürlülük mövzusunu araşdırmağa başlayıb və karyerasını bu sahəyə həsr edib. O, İtaliyanın Milan şəhərində yerləşən Molekulyar Onkologiya İnstitutunda (IFOM) uzunömürlülük və xərçəng laboratoriyasına rəhbərlik edir. Alim 120 il yaşamağı hədəfləsə də, hər şeyin insanın əlində olmadığını anlayır və diqqətin nəzarət edə bildiyimiz amillərə yönəldilməsinin vacibliyini vurğulayır.
Uzun həyat üçün vərdiş
Lent.az xəbər verir ki, Lonqonun uzun illər apardığı araşdırmalar göstərib ki, qidalanma ömrün uzadılmasında əsas rol oynayır.
Alimin özü Aralıq dənizi pəhrizinə riayət edir. Elmi araşdırmalara görə, bu qidalanma tərzi ürək-damar xəstəlikləri və diabet riskini azaldır. O, həmçinin qidalanma rejiminin qorunmasının vacibliyini qeyd edir və yeməklərin məhdud zaman aralığında qəbul edilməsini tövsiyə edir. Lonqo gündəlik 12 saatlıq aclıq rejimini məsləhət görür: əgər axşam yeməyi saat 20:00-da yeyilibsə, səhər yeməyi ən tez saat 08:00-da olmalıdır. Bu üsul intervallı aclıq adlanır və sağlamlığın yaxşılaşmasına kömək edir.