Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) prezidenti, İsrail-Türkiyə münasibətləri üzrə ekspert, professor Əfraim İnbar İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanımasını uşaq hərəkəti, dayaz hesablamaya söykənən ciddi səhv kimi qiymətləndirib.
Medianews.az-ın məlumatına görə, professor Əfraim İnbar İsrailin “Kol Berama” radiosuna açıqlamasında deyib ki, hökumətin bu qərarı beynəlxalq aləmdə müttəfiqlərlə münasibətlərdə də İsrailə baha başa gələ bilər.
Professorun sözlərinə görə, “erməni soyqırımı”nı tanımaq qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana cavab vermək cəhdindən doğur: “Amma bu qərar İsrailin həyati əhəmiyyət daşıyan maraqlarını risk altında qoyur. Xarici siyasət keçmişə qayıdıb kimisə cəzalandırmaq niyyəti üzərində deyil, bugünkü milli maraqlar üzərində qurulmalıdır”.
Netanyahu hökumətinin qərarının Türkiyədə İsrailə müsbət yanaşan dairələrə də mənfi təsir göstərəcəyini söyləyən Əfraim İnbar daha sonra vurğulayıb ki, ən böyük zərbə Türkiyəyə də yox, Azərbaycanla münasibətlərə dəyəcək.
Azərbaycanı İsrailin ən yaxın strateji tərəfdaşlarından biri kimi xarakterizə edən professor deyib: “Belə bir başağrısı bizim nəyimizə gərəkdir? Biz axı niyə azərbaycanlıları qəzəbləndirməliyik? Azərbaycan İsrailin ən mühüm strateji müttəfiqlərindən biridir. Eləcə Anadolu türklərini qıcıqlandırmaq naminə belə bir addım atmaq və bununla da Azərbaycan kimi strateji tərəfdaşa zərər vurmaq çox ciddi səhvdir”.
İyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gideon Saarın qondarma “erməni soyqırımı”nın tanınması üçün hazırladığı layihəni yekdilliklə qəbul edib. Layihə İsrail parlamentində - Knessetdə də təsdiqlənəcəyi halda “erməni soyqırımı” məsələsi İsrailin rəsmi dövlət siyasətinin bir hissəsinə çevrilə bilər.
İyunun 29-da Azərbaycanın Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarın ciddi narahatlıq doğurduğunu açıqlayıb və hökuməti qərarı yenidən nəzərdən keçirməyə çağırıb.