Son dövrlər sosial şəbəkələrdə xüsusilə Z nəsli və millenniallar arasında "solo-maksinq" (şüurlu şəkildə subay qalmaq) trendi sürətlə yayılır. Bu yanaşma subaylığı müvəqqəti vəziyyət deyil, şüurlu həyat seçimi kimi təqdim edir.
Medianews.az xəbər verir ki, bununla bağlı məqalə “Psychology Today” saytında dərc olunub.
Mütəxəssislər hesab edirlər ki, bu tendensiyanın yaranmasına tanışlıq xərclərinin artması, tanışlıq tətbiqlərindən yorğunluq və münasibətlərdə yaşanan stress səbəb olur.
Araşdırmalara görə, romantik münasibətlər nəqliyyat, restoran, əyləncə və digər xərclər səbəbindən getdikcə bahalaşır. Bu isə bəzi insanların subay qalaraq daha çox qənaət etməsinə şərait yaradır.
"Solo-maksinq"in tərəfdarları bildirirlər ki, subay olmaq psixoloji rahatlıq yaradır, münaqişə və emosional gərginliyi azaldır. Eyni zamanda insanlar karyera, dostluq münasibətləri, maliyyə sabitliyi və şəxsi inkişaf üçün daha çox vaxt ayıra bilirlər.
Mütəxəssislərin fikrincə, bu həyat tərzi insanın daha müstəqil olmasına, gündəlik işləri və maliyyəsini təkbaşına idarə etməyi öyrənməsinə də kömək edir.
Araşdırmalarda qeyd olunur ki, tanışlıq tətbiqlərindən istifadə edənlərin əhəmiyyətli hissəsi bu platformalardan yorulduğunu bildirir. Sorğu iştirakçılarının 46 faizi tətbiqlərin münasibətləri daha səthi və keçici etdiyini düşünür.
Psixoloqlar vurğulayırlar ki, "solo-maksinq" hər kəs üçün uyğun deyil. Əgər subay qalmaq qorxu, tənhalıq və ya münasibətlərdən qaçmaq istəyi ilə bağlıdırsa, bu, psixoloji problemlərə səbəb ola bilər.
Onların fikrincə, insanın şəxsi inkişafı üçün sosial əlaqələr və sağlam münasibətlər mühüm rol oynayır. Buna görə də subay qalmaq şüurlu seçim olduqda faydalı sayılsa da, insanların cəmiyyətdən tam təcrid olunması tövsiyə edilmir.