Min illərdir müxtəlif mədəniyyətlərdə yuxuların yozulmasına xüsusi əhəmiyyət verilir. Qədim cəmiyyətlərdə yuxuların xəbərdarlıq və ya öncəgörmə daşıdığına inanılıb. Bu gün isə mövzu sosial mediada da geniş müzakirə olunur.
Medianews.az bildiri ki, alimlərin fikrincə, yuxular əsasən beynin fəaliyyəti ilə bağlıdır.
İnsanlar xüsusilə REM mərhələsində yuxu görür və bu proses beynin gün ərzində yaşananları emal etməsinə, yaddaşı formalaşdırmasına kömək edir. Bu zaman məntiq mərkəzi zəifləyir, emosiyalar isə daha aktiv olur, buna görə yuxular çox vaxt qeyri-adi görünür.
Tədqiqatlar göstərir ki, yuxular qərarverməyə və emosional problemlərin həllinə dəstək verə bilər. Bəzi hallarda insanlar çətin vəziyyətləri yuxuda “emal edir” və bu, psixoloji vəziyyətə müsbət təsir göstərir. Hətta müəyyən tapşırıqlar üzərində düşünən şəxslərin yuxudan sonra daha yaxşı nəticə göstərdiyi müşahidə olunub.
Bununla belə, mütəxəssislər yuxuların gizli hissləri tam açdığı və ya gələcəyi xəbər verdiyi fikrinə ehtiyatla yanaşır. Beyin sadəcə gündəlik həyatda vacib olan mövzuları yuxuda da işləməyə davam edir.
Digər tərəfdən, bəzi araşdırmalar tez-tez görülən kabusların nevroloji xəstəlik riskləri ilə əlaqəli ola biləcəyini göstərir. Lakin bu sahədə daha çox elmi sübuta ehtiyac var.
Mütəxəssislər sağlam yuxu rejimi, stressin azaldılması və düzgün həyat tərzinin həm yuxulara, həm də ümumi sağlamlığa müsbət təsir etdiyini vurğulayır.
Yuxuların yozulmasına gəlincə, alimlər universal simvollara əsaslanmaqdansa, şəxsi həyat kontekstinə diqqət yetirməyi daha doğru hesab edir. Yuxulardakı təkrarlanan mövzular insanın düşüncə və emosiyalarını daha yaxşı anlamağa kömək edə bilər.
Medianews.az