Zəngəzur dəhlizi ətrafında gedən proseslər Cənubi Qafqazın geosiyasi gündəminin ən həssas və prinsipial mövzularından biri olaraq qalır. 2020-ci ildən sonra formalaşan yeni regional reallıqlar fonunda bu dəhliz Azərbaycan üçün təkcə nəqliyyat layihəsi deyil, həm də suveren hüquqların, regional inteqrasiyanın və postmünaqişə dövrü razılaşmaların icrası baxımından strateji əhəmiyyət daşıyır. Rəsmi Bakı dəhlizin açılmasını beynəlxalq öhdəliklərə, xüsusilə üçtərəfli razılaşmalara söykənən legitim tələb kimi irəli sürsə də, prosesin faktiki icrası müxtəlif siyasi manevrlər, xarici təsirlər və Ermənistan daxilindəki ziddiyyətli mövqelər səbəbindən uzanır.
Bir tərəfdən regionda kommunikasiyaların açılmasının hamı üçün iqtisadi və siyasi dividentlər vəd etdiyi açıq-aşkar görünür, digər tərəfdən isə Zəngəzur dəhlizi ətrafında yaranan qeyri-müəyyənlik Bakının haqlı suallarını daha da aktuallaşdırır:
Ermənistan üzərinə götürdüyü öhdəlikləri niyə icra etmir? Zəngəzur dəhlizinin ləngiməsində daxili siyasi iradə çatışmazlığı, yoxsa xarici mərkəzlərin təzyiqi əsas rol oynayır? Bakı prosesdən səbrlə nəticə gözləyəcək, yoxsa alternativ regional mexanizmləri işə salacaq? Bu dəhliz açılmadan real və dayanıqlı sülhdən danışmaq mümkündürmü?
Məclisin deputatı Azər Badamov Musavat.com-a bildirdi ki, 8 avqust 2025-ci il Vaşinqton sazişlərindən sonra Zəngəzur dəhlizinin açılması geridönməz layihəyə çevrilib. Zəngəzur dəhlizinin Qərbi Zəngəzurdan keçən hissəsi ABŞ prezidenti Donald Trampın adı ilə adlanaraq TRİPP layihəsi kimi qəbul olunub. Əslində Zəngəzur dəhlizinin açılması ilə bağlı proses ləngimir və işlər müəyyən olunmuş plana uyğun icra olunur. Belə ki, Azərbaycan bu ilin birinci yarısında öz ərazisindən Qərbi Zəngəzura qədər olan yol kommunikasiyalarının tikintisini başa çatdıracaqdır. Naxçıvan ərazisində də dəmir yolunun yenidən qurulması işlərinə artıq başlanılıb. TRİPP layihəsi ilə bağlı da ABŞ-Ermənistan birgə müəssisənin yaradıldığı ilə bağlı məlumat verilib. O cümlədən, hal hazırda Ermənistan ərazisində layihənin texniki-iqtisadi əsaslandırma işlərinə başlanıldığı deyilir. Həm də Zəngəzur dəhlizinin Türkiyə ərazisindən keçən İğdır -Qars dəmir yolu 2030-cu ilə qədər tikilib başa çatdırılacaqdır. Bu o deməkdir ki, Zəngəzur dəhlizi tam şəkildə 2030-cu ilə qədər açılacaqdır. Amma Naxçıvana yolumuz daha tez açıla bilər. Ermənistanın verdiyi məlumata görə öz ərazisindən keçən yolun tikintisi 2028-ci ilə qədər başa çatdırılacaq. ABŞ-ın vitse-prezidenti Vensin Ermənistana səfəri TRİPP layihəsinin tikintisini daha da tezləşdirəcəyini hesab edirəm. Bu baxımdan Zəngəzur dəhlizi ilə bağlı işlərin ləng getdiyini hesab etmirəm. Həm də Ermənistanda 7 iyunda parlament seçkiləri keçiriləcəkdir. Ermənistan hakimiyyəti seçkilərə qədər işlərin icrasını intensivləşdirərək radikal müxalifətin əlinə fürsət verib seçki kampaniyasında özlərinə qarşı danışdırmağı istəmir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, TRİPP layihəsinin tikintisinin aktiv fazasına Ermənistanda keçiriləcək seçkilərdən sonra başlanılacaq. Zəngəzur dəhlizinin açılması Ermənistanın özü üçün hamıdan çox lazımdır. İşlərin ləng görünməsinin səbəbinin sadəcə seçkilərlə bağlı olduğunu hesab edirəm".