Medianews.az
Qara əsrin qırmızı ili olarmı?
488 baxış

Qara əsrin qırmızı ili olarmı?

samir sari kose 1
Əslində ha Qoyun/Keçi ili, ha At ili, hamısı eyni şeydir. Hamısı 365 gündən ibarətdir, yalnız dörd ildən bir hansısa bir il 366 gün olur, vəssalam, başqa bir fərqi yoxdur.
İnsanların sırf öz işlərini asanlaşdırmaq üşün cəmləyib təqvimə saldıqları günlərin hər 365 günlük dəstinin hansısa bir özəlliyi, mistikası, xüsusi üstünlüyü, xüsusi pisliyi ola bilməz, prinsipcə.
Amma istəsələr adama sübut edə bilərlər ki, elə deyil, elə illər var ki, 12 ildən bir gəlib, hamısı da qara gəlib – məsələn, İlan ili (1905, 1917, 1929, 1941, 1953, 1965, 1977, 1989, 2001, 2013).
1905 və 1917-ci ilin nəylə əlamətdar olduğunu bilirsiniz. İnqilab illəridir. Regionun, Avropanın, hətta dünyanın taleyini dəyişdirən illər olub. 1905-də rus çarı insanları güllələyib, inqilabı boğub, 1917-də inqilabçı bolşeviklər əvvəlcə çarı deviriblər, sonra da güllələyiblər. 1929-cu ildə Stalin artıq repressiyaya başlamaq qərarı verib. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayıb, yarım milyon kişi də bizim ölkədən gedib. 1953-cü ildə Stalin ölüb və SSRİ-nin çarxı o çönən çönüb. 1965-ci ildə Brejnev ölkənin boşalmış vintlərini sıxmağa, Qərblə konfrontasiyanı dərinləşdirməyə qərar verib. 1977-ci ildə sürətlə silahlanma və durğunluq dövrü başlayıb, 1989-cu ildə Qarabağ münaqişəsi qanlı mərhələyə keçib, SSRİ-nin tamamilə dağılacağının ilk əlamətləri meydana çıxıb. 2001-ci ildə ABŞ-da əkiz qüllələr bin Ladenin kamikadze-pilotları tərəfindən qaçırılmış təyyarələrlə taran olunub, müsəlman dövlətlərə qarşı böyük düşmənçilik dalğası başlayıb. 2013-cü ildə Yaxın Şərq qan gölünə dönüb, Ukrayna zavala gəlib.
Göründüyü kimi, İlan illərinin heç biri salamat il olmayıb, hamısı qanlı-qadalı illər olub.
Axtarsaq, araşdırsaq, o biri illərin də hamısının bir qəmbərqulusu çıxacaq. Bunun 1937-si (repressiya) var, 1942-si (müharibənin ən pis dövrü), 1945-i (avqust, Naqasaki, Xirosima) 1962-si (Karib böhranı, nüvə müharibəsi təhlükəsi), 1979-u (Əfqanıstana hücum, İranda inqilab),  1985-i (Qorbaçovun SSRİ rəhbəri olması, yenidənqurma), 1990-ı (20 Yanvar), 1993-i (iyun qiyamı), 1995-i (mart qiyamı, XTPD-çilərin güllələnməsi, kütləvi həbsi), 2003-ü (15 oktyabr seçkisi, 16 oktyabr tutqusu) var.
Budur, dünən yaşayıb yola saldığımız qanlı-qadalı At ili dördnala çapıb getdi. At ilində İŞİD minlərlə baş kəsdi, Rusiyapərəst separatçılar Ukraynada onlardan da çox adam öldürdülər, amma sadəcə, güllələdilər. Məsələ belədir, bir var, adamı başını kəsərək öldürəsən, bir də var, güllələyəsən. Birinci qəddarlıq, amansızlıq sayılır, ikinci isə bir qədər humanist aktdır. Düzdür, hər iki halın öldürülən üçün fərqi yoxdur, amma tamaşaçılar üçün fərqi var. Biz uşaqlı-böyüklü güllələmə hadisələri dolu filmlərə həvəslə baxdığımız halda, ürəyimiz başkəsmə səhnələrini götürmür, bundan bəhs edən xəbər və videoların başlığına 18+ yazırıq.
İndi fağır-fasıq Qoyun/Keçi ili gəlir. İnanca görə, bu il o birindən daha sakit olmalıdır. Amma sən gəl bunu Talibana, İŞİD-ə, Qarabağda atəşkəsi gecədə 77 dəfə pozan separatçılara, Boko Harama, əllərində silah oynadan ekstremistlərə başa sal. Onlar sırf Qoyun ilidir deyə dincmi duracaqlar? Əsla.
Özümüzdən götürək. Nə olsun ki, Qoyun ilidir. Bu əsas verirmi ki, parlament seçkilərində dürüstlük, şəffaflıq olacaq. Heç bir fərqi yoxdur, seçki At ilində olsaydı, mandatlar kişnəyə-kişnəyə gedəcəkdi, indi də mələyə-mələyə gedəcək.
Uzun sözün qısası, hörmətli həmvətənlər, boş yerə ümidlənməyək, bu il də ağlı-qaralı, acılı-şirinli, sevincli-kədərli il olacaq. Bizim zamanımız, əsrimiz qara gəlibsə, ayrıca götülmüş bir ilin bir az yaxşı, bir az pis keçməsinin o qədər də fərqi yoxdur.

Bizə qoşulun