Medianews.az
“Mumu”nun müəllifi
289 baxış

“Mumu”nun müəllifi

zamin yeni raz
Əcəb bölgədə yaşayırıq. Bu ərazilərdə olanlardan heç şeytan da baş çıxarmaz. Hərçənd, nə əkibsənsə onu biçməlisən. Xiyar toxumu səpilən tarlada ananas bitəsi deyil ki?
Misal üçün, rayonlardan birində hüquqşünas vurub falçını öldürübdür. Polisdə açıqlamasında qatil deyib ki, falçı mənə pis dua (bəddua) yazmışdı, işlərim düz gətirmirdi, o üzdən vurdum öldürdüm.
Başqa nə cür olacaqdı? Hüquq deyilən şeyin “h” hərfindən də əlamət qalmayıb, ölkədə hüquqşünas hazırlayan fakültələr konkret alver, rüşvət yuvasıdır, hətta xəbəriniz olsun, Səyavuş Novruzov hüquq elmləri doktoru elmi dərəcəsi almışdır. Belə ölkədə hüquqşünas adlanan məxluq falçıya getməsin neyləsin?
O cümlədən, telekanalizasiyalar cin çıxardan, pir qayıran, qulyabanı minənlərin reklamı ilə doludur. Millət də səhərdən axşamacan ağzını ayırıb belə gic-gic şeylərə baxır, özü də olur həmin verilişləri hazırlayan idiotların tayı. Çoxdandır bu xarabada sosial müdafiə nazirinin funksiyasını “Ay Zaur” yerinə yetirirmiş. Həkim məsləhətlərini və xəstələrə diaqnozu Elgiz qoyurmuş. Mən televizora baxmadığım üçün bunları təzə öyrənmişəm. Bu cür ölkədə duanın xarab olmasına görə adam öldürərlər.
Bir şeyximiz var, Allaha şükür, o da Yəməndən tutmuş İsrailə, Keniyadan Qrenlandiyaya qədər hər yerdən danışar, hamıya məsləhət verər, tək öz camaatımızdan başqa. Çünki şeyx müdrik adamdır, bizim millətin dualıq olmadığını anlayır. Başa düşür ki, bu camaatın, necə deyərlər, “iki daşı çatışmır”. Bir-birinə perpendikulyar qoyulan iki daşdan söhbət gedir.
İranda keçən il bir qadını... kişilərin voleyboluna baxmaq istədiyi üçün zindana salıbmışlar. İndi onu buraxıblar, camaat sevinir. Bizdə də “Evrovision”u bəyənmədiyi üçün tutulanlar var. Hələ qarşıdan gələn başqa bir sürreal tədbir - Avropa Oyunları münasibəti ilə kimləri tutacaqlar, indidən deyə bilmərik.
Bu cür boş, mənasız şeylərə görə insanların həyatını qaraldırlar. İrandan başqa bir tragikomik olay: bir adam uşağına Anar adı qoymaq istəyib, dövlət icazə verməyib. Deyiblər bu adın mənası yoxdur (Prinsipcə, uşağın böyüyüb AYB sədri adaşına oxşamaq ehtimalını nəzərə alsaq dövlətin qərarı dəstəklənməlidir). Ancaq İranda ümumən türk mənşəli adlara qadağalar varmış. Örnək üçün, bir nəfər oğluna Alp Orhan adı qoymaq üçün 7 ay əziyyət çəkibmiş. İndi siz təsəvvür edin ki, bizdə də ərəb-fars adlarını qoymaq dəbdədir. Örnək üçün, son illər uşaqlara qoyulan adlarda Əli, Yusif, Zəhra, Fatimə adları üstünlükdədir. Dindar cənub elə, guya sekulyar (dinin dövlətdən ayrı olduğu) şimal belə...
ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə “Şöhrət” ordeni verilməsi də bu yöndə anlamsız tədbirlər sırasındadır. Prinsipcə, orden-medallar dövlət başçısının ixtiyarındadır, kimin yaxasına istəsə taxa bilər. Sözümüz bunda deyil. Həm də bu “Şöhrət”in konkret doğum günlərində hədiyyə, ənam, xələt kimi verildiyi çoxdan məlumdur. Ancaq bunu elə öz adı ilə versələr dünya dağılarmı? Yoxsa Rövnəq əkənin “Şöhrət”lənməsi fərmanında belə gülməli bir cümlə yazılıb: “Azərbaycan neft sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə”. Halbuki, Rövnəq əkə vəzifəyə gələndən Azərbaycan neft sənayesi həm obyektiv, həm subyektiv səbəblər üzündən dərənin dibinə getməkdədir. Neft emalı zavodları aşınıb, köhnəlib, dünya standartına cavab vermir, dənizdəki platformalar deşik vanna kimidir, günaşırı yazıq neftçilər suya düşüb ölürlər, ixtisarlar, dünya bazarında neftin ucuzlaşması, it-bata düşən “Nabukko” kimi projelər... Hansını yazasan, birdimi, beşdimi? Üstəlik, az-maz çıxan və nəql edilən neftin də operatoru ingilislərdir. Klassik lətifədə deyilən kimi, “Mumu”nu Turgenev yazıb, heykəli Çexova qoyurlar.
Eyni məntiqlə deputatxana spikeri Oqtay Əsədova qədim Roma hüququnu inkişaf elətdirdiyi üçün “4-cü dərəcəli Kleopatranın burnu” medalı vermək olar. Yumor hissi zəifdir, yoxsa verərdilər. Yumorun dibini Rövnəq əkə qaşıqlayıb aparıb.

Bizə qoşulun