Belə məlum olur ki, Azərbaycan, obrazlı yazsaq, beş barmağının beşini də bal edib Rusiyanın ağzına soxsa, xeyri olmayacaq, Kremlin ağzı yenə dada gəlməyəcək, ölkəmizə münasibəti yaxşıya dəyişməyəcək.
Belə bir qənaəti möhkəmləndirən yeni ilginc bir fakt ortaya çıxıb. Demə, Rusiya Xarici İşlər Nazirliyinin açar postları başda Tiflis ermənisi Sergey Lavrov (əsl familiyası Kalantarov) olmaqla ermənilər tərəfindən zəbt edilib. Qəzetimizdə, onun rusdilli elektron versiyasında bu barədə ətraflı danışılır.
Qeyd edilir ki, Lavrovun 2004-cü ildə - Putin dönəmində Rusiya xarici siyasət iradəsinə başçı təyin edilməsi ilə Rusiya erməniləri üçün əsl “intibah dövrü” başlayıb - ermənilər nazir soydaşının yüngül əli ilə qısa müddətdə quruma axışıb, orada əməli-başlı kök atıblar.
Rusiyanın əhalisinin yarısı azərbaycanlı olan İrana başqa bir Tiflis ermənisi Levan Caqaryanın səfir göndərilməsi də (hələ də orada işləyir) məhz Lavrovun xeyir-duası ilə baş tutubmuş. Caqaryanla eyni status daşımış azərbaycanlı diplomat Əli Mustafabəylini isə Lavrov (Kalantarov), sadəcə olaraq, İsfahana baş konsul göndərib.
İndi o boyda dövlətin - Minsk Qrupunun üç həmsədr ölkəsindən birinin xarici siyasətini müəyyənləşdirən belə birisindən Qarabağ məsələsində ədalət, obyektivlik, nə bilim, münaqişənin həllini intensivləşdirməsini gözləmək mümkünmü, ümumiyyətlə, onun Azərbaycana səmimi münasibətdə olduğuna inanmaq olarmı?
Təbii ki, yox. Nə olur-olsun, erməni ermənidir və həlledici anda Lavrovun (Kalantarovun) erməni damarı mütləq tutacaq və qərarı ermənilərin xeyrinə verəcək. Tərs kimi 11 ildir bu postda olan Lavrov rəsmi Moskvanın inam-etimadını qazanmağı bacarıb. Əks halda, 2012-ci ildə hakimiyyət olimpinə təzədən qayıdan Putin onu öz postunda saxlamazdı. Demək, hər şeydən xəbərdar olan KQB zabiti XİN-də ermənilərin meydan sulamasının da fərqindədir və buna tam normal baxır.
Artıq qəti şübhə yox ki, Rusiya prezidentinin həm saxta erməni soyqırımın 100 illiyi ilə bağlı aprelin 24-də İrəvana getmək qərarı verməsi - hansı ki, haqlı olaraq Türkiyədə qəzəb doğurmuşdu, - həm də “Türk axını” kimi iki ölkəni yaxınlaşdıracaq böyük bir layihənin fiasko olmasında bu alimin həlledici rolu olub (Məqalələrin rus və Azərbaycan versiyalarını oxuyanlar buna bir daha əminlik hasil edəcək).
Qarabağ məsələsində Moskva tərəfdən illərdir heç bir irəliləyişin olmamasının mühüm və birinci səbəbi də əslində budur. Diqqət edin, neçə vaxtdır rəsmi Bakı Qərblə münasibətlərini riskə salaraq Rusiyaya bir-birinin ardınca reveranslar edir, mesajlar göndərir, Kremlin ayağını tapdayacaq yüngül bir ehtiyatsızlıqdan belə qaçır, hətta aydın şəkildə işarə vurur ki, Kreml Dağlıq Qarabağ, işğal məsələsində ermənilərə təzyiq edib irəliləyişə nail olsun, o zaman Azərbaycan Avrasiya İttifaqına da qoşula bilər, di gəl ki, daşdan səs çıxır, Rusiyadan çıxmır, əvəzində “Avrasiya Hərəkatı” kimi Azərbaycana qarşı yeni, şantaj xarakterli təhdidlər peyda olur - əlbəttə ki, Sergey Kalantarovun ofisindən aparılan anti-Azərbaycan kampaniyası sayəsində, onun Putinə ciddi təzyiq göstərməsinin nəticəsi olaraq...
***
Odur ki, Azərbaycan son faktları da saya salmaqla öz başına çarə qılmaq haqda daha dərindən düşünməli, götür-qoy eləməlidir. İlk növbədə də Rusiyada keyfiyyətli lobbi fəaliyyətini gücləndirmək haqda fikirləşməyə gərək var. Rusiyanın xarici siyasətinə erməni amilinin rolu vaxtında zərərlişdirilməlidir, əks təqdirdə...
... Əks təqdirdə, Azərbaycanın özünü zərərsizləşdirəcəklər - bir dövlət kimi.
