Məktəbin ağzında bir qardaş ət satır, hər dəfə dana kəlləsini, kəsilmiş ayaqları çöldən, dükanın qapısının üstündən asırdı. Bəzən dana kəlləsinin bütün üzü qan içində olurdu. İnək ağ, boz rəngdə olanda qan xüsusilə açıq, qorxunc görünürdü. Bir gün dözmədim, getdim xahiş elədim bunları dərs günləri eləməsin, balaca uşaqlara pis təsir edir. Sağ olsun, sözümü yerə salmadı (açığı, qəssablardan qorxuram, desəydi hoppan burdan, heç bilmirəm neyləyərdim), ancaq belə bir söz dedi: “Ən çox uşaqların xoşuna gəlir dana kəlləsi. Baxıb gülürdülər”. İnanmağım gəlmədi, pis olan uşaqları şəxsən görmüşəm, ancaq nə biləsən...
Bəlkə artıq təhsil islahatı uğurla nəticə vermişdir? Bəlkə doğrudan da sabah məktəbə gedən balacalar ordan dana kəlləsi, dırnaq asılmasını görməyib dilxor olacaqlar, onları təhsil yollarında müşaiyət edən bu sevincdən məhrum edən kəsi - məni qarğıyacaqlar? Əgər belədirsə uşaqlardan üzr istəyirəm. Hələlik monitorinq davam edir, qəssab qardaşımız da xahişimizi yerə salmayıb, görək axırı nə olacaq.
Yeri gəlmişkən, keçən aylarda yeni təhsil nazirimiz Mikayıl müəllim “Maarifçi Fondu” adlı yeni bir maliyyə qurumu yaradılacağından xəbər vermişdi. Bu fond dövlət büdcəsindən qıraqda olacaq, tələbələrə qrant və yardımlar verilməsinə baxacaqdı. Düzü bilmirəm o fondun yaradılması hansı yerdə qaldı, ancaq dövlətin neft gəlirlərinin azalmasına qarşı tədbirlər planı bizi gözləyən daha maraqlı günlərdən xəbər verir. Dərsə getməyən uşaqların valideynlərini 100 manat cərimə eləməyin ardıyca “ştuçni” siqaret və 100 qram araq satanların cəriməsi xəbərləri gəldi. Bundan başqa, məscid və şadlıq evlərinə kamera qoyulacaq, düzgün dua eləməyən, həmçinin, yaxşı sağlıq deməyənlər cərimələnəcək. İcazəsiz mitinqə çıxanlar birbaşa 3 min manat cərimə ediləcək.
Bütün bunlar dövlət büdcəsi kəsirlərini doldurmaq üçün yaxşıdır. Molla Nəsrəddinin məşhur iqtisadi islahatındakı kimi, qənaət rejiminə keçirik, təki əcəl imkan versin. Hər devalvasiya qabağı bir-iki nazir qurban kəsmək effekt vermədi. Maliyyə ilahəmizə kütləvi qurbanlar lazımdır. Deputatxana qışda papaqsız küçəyə çıxanlar, corabsız ayaqqabı geyənlər, əsnəyəndə ağzını əliylə örtməyənlər, metroda gəyirənlər, sol əliylə sağ qulağını qaşıyanlar, dırnağını tutmayanlar, bığsız saqqal, saqqalsız bığ saxlayanlar, tək asqıranda “Əlhəmdüllah”, cüt asqıranda “Sağlam ol” deməyənlərə qarşı da müxtəlif cərimələr tətbiq edəcəkdir, bunlar hamısı İnzibati Xətalar Məcəlləsinə salınacaqdır.
Müftə pendir siçan tələsində olur - ingilis məsəlində deyilən kimi. Bizim ana yurdumuz isə tələ deyil, dünyanın analoqu olmayan, ən sürətli inkişaf etmiş məkanıdır. Cənnət görmək istəyən Azərbaycana gəlirsə, biz azərbaycanlılar burada yaşamağımızın qədrini bilməliyik, haqqını verməliyik. Vergilər, büdcəyə ödəmələr, cərimələr aşağı olanda, yaxud, ümumiyyətlə olmayanda hər yerdən cürbəcür antimilli ünsürlər axışıb gəlirdi. Ermənilər hətta ailəlikcə gəlirdilər!
Sonda media səhifələrindəki iki diskussiyaya qısa münasibətimi açıqlamaq istərdim. Bunlardan birində deputat Nafiq Həmzəyev Məhəmməd Əmin Rəsulzadəni, ikincisində isə eks-prezident Ayaz Mütəllibov həmkarı Əbülfəz Elçibəyi tənqid edib. (Bəziləri “təhqir edib” yazır, ancaq bunun üzərində xüsusi dayanmayaq).
Açığı, mən Elçibəyi dar günə atıb istefa verən komandasının üzvlərindən Mütəllibova qarşı nifrət açıqlamaları görəndə qımışdım. Vaxtilə Elçibəy özü “Surətin qiyamını niyə önləmədiniz” sualıma “Kimlə edəydim” cavabı vermişdi. Bu heç. Mən ən çox Rəsulzadə məsələsində narahat oldum. Nəsiman Yaqublu təklif eləmişdi ki, Rəsulzadəni təhqirləri qadağan edən qanun yaradılsın.
Məncə, Rəsulzadə özü sağ olsa birinci bu qanuna qarşı çıxardı. Bu, tələdir. Yapistlərə sərf edən düşüncədir. Söz azadlığına hər hansı qadağa ziyanlıdır. Söz azadlığı həm də bizim xoşumuza gəlməyən, hətta təhqir saydığımız fikirləri nəzərdə tutur. (Təbii, kimlərinsə sağlığına zərər vurmayan azadlıqdan söhbət gedir, bunu çox xırdalamağa yer yoxdur). İctimai şəxsiyyətlər haqda hər cür müzakirə isə ümumiyyətlə qadağan edilə bilməz.
